Mütəxəssis xəbərdarlıq etdi: Telefon uşaqlarda ciddi inkişaf problemləri yaradır

Mütəxəssis xəbərdarlıq etdi: Telefon uşaqlarda ciddi inkişaf problemləri yaradır
10:22

Uşaqlara erkən yaşda telefon verilməsi müasir dövrün ən aktual problemlərindən biri kimi qalmaqdadır. Mütəxəssislər bu vərdişin uşaqların həm psixoloji, həm də nitq inkişafına mənfi təsir etdiyini bildirirlər.

Loqoped-psixoloq Aysel Nəbiyevanın sözlərinə görə, valideynlər çox vaxt uşağı sakitləşdirmək üçün telefondan istifadə edir, lakin bu yanaşma uzunmüddətli perspektivdə ciddi fəsadlara səbəb ola bilər.

“Valideynlərə izah edirik ki, əgər terapiya və ya seanslardan nəticə əldə etmək istəyirlərsə, uşağı telefondan uzaq tutmalıdırlar. Lakin əksər hallarda valideynlər ‘uşaq ağlayır, nə edim?’ deyə cavab verirlər”, – deyə mütəxəssis qeyd edib.

Aysel Nəbiyeva vurğulayıb ki, bu yanaşma düzgün deyil və gələcəkdə daha böyük problemlərə yol aça bilər: “Eyni məntiqlə yanaşsaq, uşaq gələcəkdə siqaret və ya spirtli içki üçün ağlasa, valideyn bunu da təmin etməlidirmi?”

Mütəxəssis valideynləri daha məsuliyyətli olmağa çağıraraq bildirib ki, uşağın inkişafı üçün alternativ məşğuliyyətlər tapmaq, onunla daha çox ünsiyyət qurmaq və ekran vaxtını minimuma endirmək vacibdir.

Qeyd edək ki, erkən yaşlarda həddindən artıq telefon istifadəsi uşaqlarda diqqət dağınıqlığı, nitq gecikməsi və sosial bacarıqların zəifləməsi kimi problemlərə səbəb ola bilər.

News365.az


Sizin reklam burada
Sizin reklam burada