"Mina terroru Ermənistanın siyasətinin və Ermənistan terrorizminin ayrılmaz tərkib hissəsi kimi qiymətləndirilməlidir. 30 il ərzində işğal altında saxladıqları torpaqlarımızın kütləvi şəkildə və səssiz-hesabsız minalanması, 2020-ci ildə qazandığımız Zəfərdən sonra imzalanmış üçtərəfli bəyanat çərçivəsində erməni silahlı birləşmələrinin ərazilərimizdən çıxmasına baxmayaraq, həmin dövrdə də torpaqlarımızın yenidən minalanması faktları bu terrorun bariz nümunəsidir."
Millət Vəkili Samir Vəliyev bu sözləri News365.az-a açıqlamasında deyib.
"Hesab edirəm ki, mina xəritələrinin, sxemlərinin verilməməsi bölgədə sülhün bərqərar olunmasına ciddi əngəldir. Bilirsiniz ki, artıq 400-ə yaxın insan mina terrorunun qurbanına çevrilib. Bu isə yalnız insan itkilərinə deyil, həm də post-münaqişə dövründə aparılan bərpa-quruculuq işlərinə maneə törədir. Eyni zamanda insanların doğma yurdlarına təhlükəsiz şəkildə geri dönüşünə də əngəl yaradır.
Sülhdən, sülh müqaviləsindən danışan Ermənistan rəhbərliyinin mina xəritələrini təqdim etməməsi və bu istiqamətdə real addımlar atmaması onların niyyətinin səmimi olmadığını göstərir. Bu, növbəti dəfə Ermənistanın təxribatçı fəaliyyətini və bölgədə gərginliyi artırmaq məqsədi güddüyünü nümayiş etdirir. Mina terroru günahsız insanların həyatına son qoyur və bunun məsuliyyəti birbaşa Ermənistanın üzərindədir.
Azərbaycan tərəfi bu barədə beynəlxalq ictimaiyyəti dəfələrlə məlumatlandırıb. Eyni zamanda BMT, ANAMA və digər beynəlxalq təşkilatlar da Ermənistanın işğal dövründə və həmin torpaqları tərk edərkən minalama işlərini apardığı barədə kifayət qədər məlumata malikdir. Təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət bu məsələdə susur. Hətta bəyanat səviyyəsində belə reaksiyalar müşahidə olunmur. Bu səssizlik, bu laqeyd münasibət bizə onu göstərir ki, bəzi qüvvələr — xüsusilə Fransa kimi dövlətlər və müəyyən dairələr — regionda Azərbaycanın güclənməsini qəbul edə bilmir və Cənubi Qafqazda daimi gərginliyin davam etməsində maraqlıdırlar.
Bu səbəbdən də Ermənistanın mina terroruna qarşı beynəlxalq səviyyədə kifayət qədər qınama yoxdur, günahsız insanların haqlı səsi eşidilmir. Bu isə təbii ki, bölgədə sülh gündəminə və gələcəkdə imzalanması gözlənilən sülh müqaviləsinə ciddi zərbə vurur."