“İsrailin hərəkətləri beynəlxalq reaksiyaları neytrallaşdırmaq məqsədi daşıyır”
Politoloq Pərviz Mirzadə News365.az-a açıqlamasında bildirib ki, hazırda regionda baş verən proseslər geniş təhlil və diqqətli izləmə tələb edir. O qeyd edib ki, Misirdə keçirilən tədbirlər və İsrailin hərəkətləri yalnız səthi görünüş üçün təşkil edilməyib, arxasında daha dərin strateji planlar dayanır.
Mirzadə vurğulayıb ki, İsrail beynəlxalq ictimaiyyətin reaksiyalarını neytrallaşdırmaq və öz hərbi təşəbbüslərini davam etdirmək məqsədi ilə addımlar atır. “Türkiyə 2023-cü ilin iyulundan etibarən İsrailin lehinə prosesləri izləyirdi və beynəlxalq ictimaiyyət də İsrailin hərəkətlərini dəstəkləyirdi. Lakin son dövrdə vəziyyət dəyişdi və İsrailin hərbi əməliyyatları nəticəsində böyük dağıntılar baş verdi. Statistikaya görə, son iki il ərzində İsrailin hərbi əməliyyatları nəticəsində Qəzzada 80 min tondan çox ziyan dəyib. Bu, yalnız hava əməliyyatlarının yaratdığı dağıntılardır”, – deyə politoloq bildirib.
O əlavə edib ki, birinci mərhələ hələ yekunlaşmayıb və tərəflərin hərəkətləri, o cümlədən insan itkilərinin araşdırılması prosesləri davam edir.