Son günlər internet şəbəkəsində yayılan “Azərbaycanın Rusiyadan
Su-35 təyyarələri alacağı” barədə məlumat tamamilə spekulyativ xarakter
daşıyır. Bu cür xəbərlərin başlıca məqsədi Azərbaycan-
ABŞ və Azərbaycan–Avropa münasibətlərində gərginlik
yaratmaq, qarşılıqlı etimadı sarsıtmaq və süni etibarsızlıq mühiti
formalaşdırmaqdır.
Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra ordunun Türkiyə modeli əsasında yenidən formalaşdırılması prosesinə
start verib. Bu mərhələdə əsas məqsəd ordunun NATO standartlarına
cavab verən sistem və texnikalarla təchiz edilməsidir.
Eyni zamanda, HHQ mütəxəssisləri uzun müddət müxtəlif
ölkələrin təklif etdiyi döyüş təyyarələrinin imkanlarını və onların ordumuzda tətbiq
perspektivlərini təhlil ediblər. Nəticə etibarilə, Pakistan-Çin
birgə istehsalı olan JF-17C döyüş təyyarəsinin alınması qərara alınıb. Bununla
bağlı Pakistanla müqavilə imzalanıb və ilk təyyarə artıq Ali Baş Komandana təqdim
edilib. Müqavilə hələ tam icra edilməyib və yaxın zamanda yeni təyyarələr Hərbi
Hava Qüvvələrinin inventarına daxil ediləcək.
Paralel olaraq Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələ başlayıb.
İki ölkə liderləri arasında təmasların intensivliyi və səmimiliyi göstərir ki,
Azərbaycan ABŞ hərbi sənayesindən ehtiyac duyduğu texnika və vasitələri
asanlıqla təmin edə bilər.
Bir xatırlatma edim, bir neçə il öncə qardaş Türkiyə HHQ- nin
potensialını gücləndirmək məqsədilə NATO tərəfdaşlarından ala bilmədiyi dəstəyin
təsiri ilə Rusiyadan S-400 sistemlərini tədarük etdi. Buna cavab olaraq, Türkiyə
iştirak etdiyi F-35 layihəsindən çıxarıldı. F-35 layihəsi çərçivəsində sifarişləri
icra edən türk şirkətləri milyard dollarlıq müqavilələri dondurmaq məcburiyyətində
qaldılar. Hazırda Türkiyə bütün səylərinə baxmayaraq nə F-35 layihəsinə geri
qayıda, nə də yeni F-16 təyyarələrinin alışını həyata keçirə bilir. Hətta
pulunu ödədiyi halda texnikalar hələ də təhvil verilmir.
Belə bir məqamda "Azərbaycan Su-35 alır" iddiasının
dövriyyəyə buraxılması və tirajlanması sadəcə hərəkətdə olan təkərə çomaq
soxmaq cəhdidir.
Aqil Məmmədov, politoloq