Türkiyənin “Terrorsuz Türkiyə” hədəfi PKK-nın tərksilahı ilə bağlı prosesin praktiki mərhələyə keçməsi ilə yeni mərhələyə daxil olur. Ankara artıq təşkilatın silahı yerə qoyması üçün konkret tarix açıqlayıb. Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş PKK-nın silahlarını İraqın mərkəzi hökumətinə təhvil verməsi ilə bağlı hazırlıqlara oktyabr ayında başlanacağını bildirib.
Kurtulmuş Ankarada İraq parlamentinin sədri Heybət əl-Halbusi ilə birgə keçirdiyi mətbuat konfransında prosesin qarşıdakı ay başlayacağını açıqlayıb.
Xatırladaq ki, PKK Abdullah Öcalanın çağırışından sonra 2025-ci ilin iyununda tərksilah olmaq və özünü buraxmaq barədə qərar qəbul edib. Türkiyə parlamenti isə avqust ayında prosesin həyata keçirilməsi üçün hüquqi çərçivə yaradıb. Beləliklə, siyasi qərarın ardınca PKK-nın tərksilahının praktiki mərhələsinə keçmək üçün hüquqi baza formalaşıb.
Ankaranın son açıqlaması isə prosesin yalnız Türkiyənin daxili təhlükəsizlik məsələsi olmadığını göstərir. PKK-nın tərksilahı İraq və Suriyadakı silahlı strukturların gələcəyi ilə də birbaşa əlaqələndirilir. Bu səbəbdən Qəndil dağındakı PKK mövcudluğunun taleyi və təşkilatın Suriya qanadı ilə bağlı məsələlər “Terrorsuz Türkiyə” strategiyasının əsas istiqamətlərindən birinə çevrilir.
Bəs PKK-nın silahlarını İraq hökumətinə təhvil verməsi təşkilatın faktiki olaraq sonu demək olacaqmı? Qəndilin qapıları həqiqətən bağlanırmı? Ankara “Terrorsuz Türkiyə” hədəfinə nə qədər yaxınlaşıb?
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, politoloq Əli Zülfüqaroğlu News365.az-a açıqlamasında bildirib ki, PKK uzun illər müxtəlif dövlətlərin Türkiyəyə qarşı istifadə etdiyi geosiyasi alətlərdən biri olub.
Onun sözlərinə görə, hazırkı beynəlxalq vəziyyət və Türkiyənin artan hərbi-siyasi imkanları PKK-nın əvvəlki əhəmiyyətini əhəmiyyətli dərəcədə azaldıb:
“PKK-nın geosiyasi alət funksiyası daşıması və müxtəlif dönəmlərdə Türkiyəyə qarşı təzyiq kartı kimi istifadə edilməsi sirr deyil. PKK-dan müxtəlif dövrlərdə ABŞ, İsrail, Fransa və Rusiya Türkiyəyə qarşı istifadə edib. Amma son proseslər göstərir ki, bu terror təşkilatının istifadə müddəti bitmək üzrədir.
Burada qlobal proseslərlə yanaşı, Türkiyənin hərbi imkanlarının artması və geosiyasi mövqelərinin möhkəmlənməsi həlledici rol oynayır. İlk növbədə Türkiyənin müdafiə sənayesinin güclənməsi, dron texnologiyası sahəsində dünyanın aparıcı ölkələrindən birinə çevrilməsi terrorla mübarizədə effektiv nəticələrə gətirib çıxarıb. Türkiyə daxilində terror qruplarının fəaliyyəti minimuma endirilib.
Eyni zamanda Türkiyənin regionda və dünyada həyata keçirdiyi uğurlu diplomatik həmlələr Suriya və İraqda yerləşən terror qruplarına qarşı hərbi əməliyyatlar üçün də imkan yaradıb. Beləliklə, Türkiyə terror təşkilatına ciddi zərbə endirib”.
Politoloq hesab edir ki, hazırkı qlobal siyasi və hərbi mənzərə də PKK-nın əvvəlki kimi istifadə olunmasını çətinləşdirir.
“Hazırda dünya siyasi, iqtisadi və hərbi təlatüm dövrünü yaşayır. Belə şəraitdə dövlətlərarası münasibətlər sistemində, beynəlxalq təşkilatlarda və hərbi bloklarda yeni yanaşmalar meydana çıxır.
Ciddi iqtisadi problemlərlə üzləşən ABŞ İsrailin etirazlarına baxmayaraq Yaxın Şərq siyasətini Türkiyə ilə daha çox koordinasiya etməyə qərar verib. Nəticədə Türkiyə Suriyada əlverişli imkanlar əldə edib. Türkiyə ilə yaxın münasibətləri olan hökumət formalaşıb və bu hökumətlə ABŞ arasında əlaqələr qurulub. Bu da PKK-nın Suriya qanadının zəiflədilməsi üçün yeni perspektivlər yaradıb”.
Əli Zülfüqaroğlu Türkiyə-İraq münasibətlərindəki dəyişikliklərin də Qəndil istiqamətində vəziyyətə təsir etdiyini vurğulayıb.
“Eyni zamanda Türkiyə ilə İraq arasında olan problemlər böyük ölçüdə aradan qaldırılıb. Nəticədə Qəndil üçün də qapılar bağlanmaq üzrədir.
Ukrayna müharibəsi isə Avropa İttifaqını ciddi təhlükəsizlik problemləri ilə üz-üzə qoyub. Buna görə də NATO-nun ikinci hərbi gücü olan, eyni zamanda Rusiya ilə münasibətlər saxlayan Türkiyə ilə əlaqələr Fransa və Almaniya başda olmaqla Avropa İttifaqı, həmçinin Böyük Britaniya üçün ciddi əhəmiyyət daşıyır.
İstər Rusiyaya qarşı sanksiyalar, istər NATO, istərsə də digər istiqamətlərdə Türkiyə ilə əlaqələr Kreml üçün əhəmiyyətlidir. Ona görə də hazırda nə ABŞ, nə Avropa İttifaqı, nə də Rusiya Türkiyə ilə münasibətləri korlamaqda maraqlıdır. Bu baxımdan PKK kartı artıq həmin güclər üçün əvvəlki qədər cəlbedici deyil”.

Politoloq hesab edir ki, PKK-nın regional fəaliyyətinin zəifləməsində əsas maneələrdən biri İsrailin mövqeyidir:
“Sadəcə İsrail genişlənmə siyasətinin bloklanması baxımından Türkiyənin Suriyada möhkəmlənməsindən narahatdır. Buna görə də PKK-nın Suriya və İraq qanadının zəiflədilməsini istəmir. Bu baxımdan yeganə problem Təl-Əvivin mövqeyidir.
Amma İran müharibəsi və Təl-Əviv-Vaşinqton xəttindəki ziddiyyətlər İsrailin imkanlarını xeyli zəiflədib. Həmçinin terror qruplaşmalarının İrana qarşı prosesə qoşulmaqda maraqlı olması Tehran üçün də ciddi siqnal idi. Düşünürəm ki, İranın loyal yanaşması bundan sonra daha sərt tədbirlərlə əvəzlənə bilər”.
Əli Zülfüqaroğlu hesab edir ki, bütün bu amillər fonunda PKK-nın gələcəyi ilə bağlı mənzərə getdikcə daha aydın görünür:
“Artıq PKK-nın sonunun yaxınlaşdığını proqnozlaşdırmaq elə də çətin deyil”.
News365.az