“Pul əl çirkidir” deyimini yəqin ki, dəfələrlə eşitmisiniz. Bəs niyə məhz pul “çirk” adlandırılır və bu ifadə necə yaranıb?
News365.az xəbər verir ki, bu deyimin formalaşması ilə bağlı izahlar pulun tarixən əldən-ələ keçməsi ilə əlaqələndirilir.
Keçmişdə əsasən metal sikkələrdən istifadə olunurdu və həmin sikkələr gün ərzində çoxsaylı insanların əlindən keçirdi. Nəticədə onların üzərində kir və müxtəlif çöküntülər toplanırdı. Bu baxımdan pulun fiziki olaraq “çirkli” olması ifadənin yaranmasına təsir edən amillərdən biri hesab olunur.
Lakin zamanla “çirk” sözü məcazi məna da qazanıb. “Çirkli pul” ifadəsi qanunsuz və ya mənəvi baxımdan şübhəli yollarla əldə edilən vəsaiti ifadə etməyə başlayıb.
“Pul əl çirkidir” deyimi isə daha geniş mənada pulun insan həyatında məqsəd deyil, vasitə olduğunu vurğulayır. Yəni pul əldə olur, əldən çıxır və insanın ona həddindən artıq bağlanmaması fikrini ifadə edir.
Maraqlıdır ki, pulun “çirkli” olması ilə bağlı oxşar ifadələr müxtəlif dillərdə və mədəniyyətlərdə də mövcuddur.