Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Nəşr Planının Tərtibi və Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiyasının 15 dekabr 2025-ci il tarixində yekun iclası keçirilib.
News365.az xəbər verir ki, bu barədə Nazirlikdən məlumat verilib.
Komissiya Nazirliyin Nəşr Planının (Nazirliyin sifarişi və dəstəyi ilə bir il ərzində istehsalı və buraxılışı nəzərdə tutulan nəşriyyat və çap məhsullarının siyahısı) tərtibini və “Nəşrlərin satın alınması müsabiqəsi”nin (Nazirlik tərəfindən kitabxana fondlarını yeni nəşrlərlə zənginləşdirmək və komplektləşdirmək üçün nəşriyyat və çap məhsullarının satın alınması məqsədilə keçirilən müsabiqə) təşkilini həyata keçirmək məqsədilə yaradılıb.
Komissiya mədəniyyət, elm, ədəbiyyat, təhsil və digər aidiyyəti sahələr üzrə mütəxəssislərdən təşkil olunur və tərkibi hər il yenilənir. Şəffaflığı, səmərəliliyi və obyektivliyi təmin etmək məqsədilə Komissiyanın tərkibi buraxılana qədər konfidensial saxlanılır.
Komissiya tərəfindən bu il ərzində 56 nəşr layihəsi müzakirəyə çıxarılmış, 14-ü elmi- kütləvi, 10-u bədii ədəbiyyat olmaqla 23 əsərin Nazirliyin növbəti il üçün Nəşr Planına daxil edilməsi məqsədəuyğun hesab edilib.
Eyni zamanda oxucu qruplarının tələbatı əsasında tabelikdə olan kitabxanaların yeni nəşrlərlə təmin olunması məqsədilə aprelin 7-də “Nəşrlərin satın alınması müsabiqəsi” elan olunub.. Müsabiqəyə təqdim olunmuş 1520 adda kitab Komissiyanın iclaslarında dəyərləndirilmiş və Komissiyanın qərarına uyğun olaraq, 525 adda, ümumilikdə 63 650 nüsxə kitabın alışı Nazirlik tərəfindən həyata keçirilib.
Bir sıra müəlliflərin əsərləri kitablarının buraxılışını həyata keçirən nəşriyyatlar (“Aspoliqraf”, “Təhsil”, “Zərdabi-nəşr” və s.) vasitəsilə alınıb.
2025-ci il üzrə Komissiyanın tərkibi, həmçinin cari ildə Nazirlik tərəfindən satın alınan kitablar və Nazirliyin növbət il üçün Nəşr Planına daxil edilən əsərlər barədə siyahılar ilə aşağıdakı linkələrə keçid edərək tanış ola bilərsiniz./APA