Bu gün Azərbaycan musiqi mədəniyyətinin dünya miqyasında tanınmış simalarından biri, SSRİ Xalq artisti Rəşid Behbudovun doğum günüdür. O həm unikal vokal texnikası və səhnə mədəniyyəti ilə, həm də sovet ideoloji baryerlərini aşaraq Azərbaycan musiqisini Qərbə daşıyan nadir sənətkarlardandır. Soyuq müharibənin ən sərt illərində onun səsinin ABŞ-də val formatında yayımlanması mədəni diplomatiya tarixində diqqətəlayiq hadisədir.
Rəşid Behbudovun ifasında Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasından ariyalar, Azərbaycan bəstəkarlarının əsərləri və xalq mahnılarının okeanın o tayına keçməsi göstərirdi ki, həqiqi sənət ideoloji sərhədləri tanımır.
News365.az xəbər verir ki, görkəmli sənətkar Rəşid Behbudovun doğum günü münasibətilə onun adını daşıyan fondun rəhbəri Kamil Şahverdi Rəşid Behbudovun ifalarının SSR dövründə ABŞ-ə qədər gedib çıxması barədə danışıb.
1950-ci il: ABŞ-da buraxılan ilk val
1950-ci ildə ABŞ-da buraxılan bu valda Rəşid Behbudovun ifasında Üzeyir bəy Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasından ariya və mahnılar yer alıb. Valın ikinci üzünə isə Azərbaycan bəstəkarlarının mahnıları və xalq mahnı-rəqsləri daxil edilib.
“Qafqaz xalq mahnıları və rəqsləri” adı ilə yüksək tirajla buraxılan bu val SSRİ ilə ABŞ münasibətlərinin son dərəcə gərgin olduğu, soyuq müharibənin qızğın dövrünə təsadüf edirdi. Belə bir şəraitdə Azərbaycan musiqisinin ABŞ-da geniş tirajla yayımlanması tarixi və mədəni baxımdan nadir hadisə sayılırdı. Rəşid Behbudovun sənəti, onun bənzərsiz istedadı bütün maneələri aşaraq dünyaya yol tapırdı.
1959-cu il: “AZERBAIJAN AT LARGE” albomu
1959-cu ildə ABŞ-də AZERBAIJAN AT LARGE” (“Azərbaycan bütövlükdə”.) adlı ikinci böyük həcmli val çap olunur. Albom “Music of the Stars” (“Ulduzların musiqisi”.) qrifi ilə dövriyyəyə buraxılır.
Bu alboma Üzeyir Hacıbəyovun “Arşın mal alan” əsərindən ariya və duetlər Rəşid Behbudovun ifasında, Soltan Hacıbəyovun “Karvan” simfonik süitası isə Niyazinin dirijorluğu ilə daxil edilib. Eyni zamanda albomda Fikrət Əmirovun, Tofiq Quliyevin və Andrey Babayevin mahnıları yer alıb. Bu toplu Azərbaycan musiqi mədəniyyəti tarixində nadir faktlardan biri hesab olunur.
SSRİ-nin “dəmir pərdəsi”ni yararaq dünyaya yayılan bu möhtəşəm sənət nümunələrindən ibarət albom bir neçə milyon tirajla buraxılmışdı. Maraqlıdır ki, həmin dövrdə Moskva bu fakt barədə nə rəsmi məlumat yaymış, nə də alboma əsərləri və səsi daxil edilmiş sənətkarlara bu barədə bilgi vermişdi.
1962-ci il: Tehranda üzə çıxan sirr
1962-ci ildə Rəşid Behbudov İranda qastrol səfərində olarkən Tehrandakı konsertlərin birində maraqlı hadisə baş verir. İlk Azərbaycan qadın bəstəkarı Ədilə Hüseynzadənin bacısı övladları, — Fəridə və Fərman, — bu valı ustad sənətkara hədiyyə edirlər. Albomun üz qabığında bu barədə qeyd də yer alır.
Bu hadisə bir daha təsdiqləyirdi ki, Rəşid Behbudovun sənəti dünya miqyasında yaşayır və yayılırdı. Onun səsi siyasi sərhədləri aşaraq Azərbaycan musiqisini qlobal mədəniyyət xəritəsinə daxil etmişdi.