Buzovnada qonşusunu öldürməkdə, onun arvadı və oğlunu yaralamaqda təqsirləndirilən İnşallah Hacıyevin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
News365.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, İnşallah Hacıyev 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Dövlət ittihamçısı İ.Hacıyevin 10 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.
Qeyd edək ki, Xəzər rayon Prokurorluğunun yaydığı məlumata görə, ötən ilin oktyabrın 6-da gecə saat 2 radələrində paytaxtın Xəzər rayonu ərazisində 1977-ci il təvəllüdlü Qurban Məlikovun qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 17 yaşlı İnşallah Hacıyevin rayonun Buzovna qəsəbəsi ərazisində şəxsi münasibətlər zəminində qohumu və qonşusu 1977-ci il təvəllüdlü Qurban Məlikova, 1982-ci il təvəllüdlü Könül Məlikovaya və 2003-cü il təvəllüdlü Məzahir Məlikova kəsici alətlə xəsarət yetirməsi barədə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.