“Müstəqillik Günü ərəfəsində əfv sərəncamının verilməsi ehtimalı hazırda yüksək qiymətləndirilmir”.
Bu barədə News365.az-a "Konstitusiya" Araşdırmaları Fondunun prezidenti, Əfv komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib.
“Adətən əfv sərəncamından əvvəl komissiyanın iclasları keçirilir, müzakirələr aparılır və müraciətlərə baxılır. Ötən ilin may ayında Prezident əfv sərəncamı imzalamışdı. 2025-ci il, dekabrın sonunda isə Milli Məclis tərəfindən Amnistiya Aktı qəbul edilmişdi. Amnistiya aktının icrasına 4 ay vaxt ayrılıb və bu proses aprelin sonunda başa çatdırılıb. Eyni vaxtda amnistiya və əfv kimi iki oxşar hüquqi mexanizmin paralel tətbiqi praktiki və hüquqi baxımdan məqsədəuyğun hesab edilmir”, - deyə Ə.Nuriyev qeyd edib.
Bununla belə, o vurğulayıb ki, əfv sərəncamı imzalamaq Prezidentin müstəsna konstitusion səlahiyyətidir:
“Dövlət başçısı istənilən vaxt əfv sərəncamı imzalaya bilər və bu məsələdə heç bir məcburi vaxt məhdudiyyəti yoxdur”.
Mətbuat Şurasının sədri və Əfv Komisiyasının üzvü olan Rəşad Məcid də eyni fikirdədir:
“Hazırda Əfv Komissiyasının katibliyi müraciətləri qəbul etməyə və araşdırmağa davam edir, lakin iclaslar keçirilmədiyindən 28 Mayda əfv sərəncamının verilməsi ehtimalı aşağıdır. Son qərar tamamilə dövlət başçısının iradəsindən asılıdır”.