“Artıq bəzi
sistem əhəmiyyətli banklarımız da borclu sahibkarlardan hüquq-mühafizə
orqanlarına şikayət etməyə başlayıblar. Faktiki olaraq hüquq-mühafizə
orqanlarını kollektor kimi istifadə edirlər. Əvvəllər bu yolverilməz fənddən
yalnız bəzi kiçik və orta səviyyəli banklarımız yararlanırdı. İri banklarımız
isə bunu həyasızlıq hesab edərək problemi sivil yolla məhkəmədə həll edirdilər”.
Bu fikirləri
hüquqşünas Əkrəm Həsənov səsləndirib.
O, əlavə
edib ki, məsələ burasındandır ki, borclu sahibkara qarşı yalnız iki əsasla
cinayət işi “tikmək” olar:
“Kredit
alınarkən banka maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumat vermə və ya
kreditdən təyinatı üzrə istifadə etməmə (Cinayət Məcəlləsinin 195-ci maddəsi).
Bu halları sübut etməyin çətin olması bir tərəfə, onlar barədə şikayətin özü
banka qarşı da suallar doğurur: “aldığınız məlumatı niyə yoxlamamısınız?”,
“aldanmısınız, yoxsa aldanmaq istəmisiniz?”, “kreditin təyinatı üzrə istifadəsinə
niyə nəzarət etməmisiniz?”, “bəlkə özünüz də sahibkarla əlbir olmusunuz?” və s.
Lakin təbii
ki, iri banklarımız bu suallardan qorxmurlar. Çünki əllərində inzibati resurs
var. Yalnız nüfuz riski var. Amma görünən odur ki, sistem əhəmiyyətli
banklarımız üçün də imic heç nədir, susuzluq (pulsuzluq) hər şey! Bu yaxınlarda
çox hörmətli banklarımızdan birinin çox hörmətli hüquq-mühafizə orqanına göndərdiyi
şikayəti oxudum. Deyir ki, sahibkar krediti alanda mənə yanlış məlumat verib.
Sonra da məlumatın mahiyyətini açıqlayır: sahibkarın biznes planı yanlış olub və
yalnız sonrakı fəaliyyəti əsnasında bu bəlli olub. Hüquq-mühafizə orqanı da
canla-başla bu şikayət üzrə təhqiqata başlayıb. Soruşuram ki, ay balam, axı
biznes plan nə vaxtdan borc alanın maliyyə vəziyyəti barədə məlumat hesab
olunur? Axı biznes plan gələcək barədə sənəddir, sahibkar necə bilə-bilə yalan
məlumat verə bilər gələcək haqda? Bəs bank niyə bu planı adekvat təhlil etməyib?
Məgər bank özünün biznes planındakı göstəricilərə tam nail ola bilirmi? Və s. və
i.a. Amma nə faydası? Qoyublar özlərini “lomluğa”...
Bizə isə sadəcə
nəticə çıxarmaq qalır. Görünür, iri banklarımız vəziyyəti o qədər pisdir ki,
tüpürüblər imiclərinə də... “
News365.az