"Ahbap" Dərnəyinin adına toplanan ianələrin şübhəlilərin hesablarına köçürüldüyü iddiası ilə bağlı aparılan istintaq çərçivəsində türkiyəli müğənni Haluk Levent həbs edilib. Hadisə ictimaiyyət və şou-biznes nümayəndələri arasında geniş rezonans doğurub. Haluk Leventlə uzun illər "Prestij Müzik" şirkətində birlikdə çalışmış Mahsun Kırmızıgül sosial şəbəkədə paylaşdığı açıqlamada keçmiş dostuna sərt sözlərlə müraciət edib.
News365.az xəbər verir ki, Mahsun Kırmızıgül paylaşımında onların eyni dövrdə şöhrət qazandıqlarını, bir vaxtlar Haluk Leventin ciddi borc problemləri yaşadığını və həmin dövrdə ona dəstək olduqlarını xatırladıb.
Onun sözlərinə görə, mərhum prodüser Hilmi Topaloğlu və müğənni Özcan Denizlə birlikdə Haluk Leventi Adana Karataş həbsxanasına aparıblar. Kırmızıgül həmçinin bildirib ki, televiziya serialından qazandığı gəlirlə Leventin müxtəlif banklara olan borclarının ödənilməsinə kömək edib.
Mahsun Kırmızıgül qeyd edib ki, sonrakı illərdə Haluk Leventin "Ahbap" Dərnəyi vasitəsilə həyata keçirdiyi xeyriyyə fəaliyyətlərini gördükcə onun keçmişini geridə qoyduğunu düşündüyünü bildirib. O vurğulayıb ki, zəlzələ zamanı milyonlarla insan Haluk Leventə etibar edərək ianələrini ona həvalə edib və bu etimadın qorunmasının vacibliyini qeyd edib.
Paylaşımında Mahsun Kırmızıgül bunları yazıb: "İnsanlar sənə ikinci, üçüncü, bəlkə də sonuncu şansı verdi. Məhz buna görə o masalara bir daha oturmamalı, o ekranlara baxmamalı, o düymələrə bir daha toxunmamalıydın. Kaş əllərin qırılaydı da o qaranlığa bir daha qayıtmayaydın".
O əlavə edib ki, Haluk Leventin hərəkətləri təkcə onu deyil, ona inanan milyonlarla insanı da məyus edib. Mahsun Kırmızıgül paylaşımını belə yekunlaşdırıb:
"Bu gün ən çox səni yox, ailəni düşünürəm. Təkcə onlar üçün belə bütün pis vərdişlərini və zəifliklərini geridə qoymalıydın. İçimdə cavabsız qalan tək bir sual var: Doğrudanmı buna dəyərdi, Haluk?"