"“İsti su” ikramı diplomatiyada ustad dərsinə çevrildi "- Deputat

"“İsti su” ikramı diplomatiyada ustad dərsinə çevrildi "- Deputat
12:42

Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərbaycan və İran prezidentlərinin Bişkekdə keçirilən görüşündə yaşananlarla bağlı fikirlərini açıqlayıb.

Deputat bu barədə bildirib ki, görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə İran Prezidenti Məsud Pezeşkian arasında səmimi münasibət müşahidə olunub. Onun sözlərinə görə, görüş zamanı baş verənləri yalnız protokol məsələsi kimi qiymətləndirmək düzgün deyil.

Hikmət Babaoğlunun sözlərinə görə, İran prezidentinə protokolda nəzərdə tutulmayan stəkanda su verilməsi və eyni masada əyləşən Azərbaycan Prezidentinə su təklif edilməməsi diqqətçəkən məqam olub.

Deputat hesab edir ki, masaya gətirilən suyun İran mənşəli deyil, Gürcüstanın “Borjomi” mineral suyu olması da müəyyən siyasi mesaj kimi qiymətləndirilə bilər:

“Verilən mesaj isə belə idi: Biz Zəngəzur dəhlizinə qarşıyıq, yüklərimizi və tranzit kommunikasiyalarımızı Ermənistan–Gürcüstan xətti üzrə həyata keçirəcəyik. Azərbaycan və Türkiyə üzərindən deyil, Ermənistan və Gürcüstan üzərindən Qara dənizə və Avropaya çıxış əldə edəcəyik”.

Hikmət Babaoğlu daha sonra qeyd edib ki, Prezident İlham Əliyevin görüş zamanı İran prezidentinə Kəlbəcərin məşhur İstisu suyunu təqdim etməsi bu məsələyə verilmiş diplomatik cavab kimi dəyərləndirilə bilər.

Deputatın fikrincə, bu addım Azərbaycanın öz mövqeyini diplomatik şəkildə nümayiş etdirməsi baxımından mühüm mesaj daşıyır:

“Bu o demək idi ki, siz vaxtilə Ulu Öndər Heydər Əliyevin İrana səfəri zamanı da Xəzər dənizini “Mazandaran” gölü adlandıraraq “Əsrin müqaviləsi”nin baş tutmayacağı mesajını verməyə çalışmışdınız, ancaq baş tutdu. İndi isə Zəngəzur dəhlizinin baş tutmaması üçün çalışırsınız, ancaq o da baş tutacaq!”

Hikmət Babaoğlu Prezident İlham Əliyevin diplomatik gedişini yüksək qiymətləndirib və bunu Azərbaycanın regional siyasəti baxımından mühüm mesaj kimi dəyərləndirib.

“Yaşasın Müzəffər Ali Baş Komandanımız İlham Əliyev, yaxşı ki varsınız, cənab Prezident! Belə strateji gedişləriniz bizləri heyran edir, Azərbaycanı gücləndirir!” – deyə deputat vurğulayıb.

News365.az


Sizin reklam burada
Sizin reklam burada