İş yerini itirmək təhlükəsi ilə üzləşən əməkdaş üçün ixtisar prosesi yalnız işdən ayrılmaq demək deyil. Bu mərhələdə işəgötürənin əməl etməli olduğu konkret hüquqi tələblər və işçinin əldə edə biləcəyi ödənişlər var. Qanunla müəyyən edilmiş prosedurun pozulması isə işçinin hüquqlarının pozulmasına səbəb ola bilər.
Hüquqşünas Natiq Ələsgərov News365.az-a bildirir ki, işçilərin sayının azaldılması və ya ştatların ixtisarı zamanı işəgötürənlər əmək qanunvericiliyinin tələblərinə, xüsusilə də xəbərdarlıq müddətlərinə ciddi şəkildə əməl etməlidirlər.
Onun sözlərinə görə, xəbərdarlıq müddəti işçinin əmək stajı nəzərə alınmaqla müəyyən edilir. Bu müddətin gözlənilməməsi və ya qanunsuz ixtisarın aparılması işçinin əmək hüquqlarının pozulması hesab oluna bilər.
“İşçilərin sayı azaldıqda və ya ştat ixtisarı həyata keçirilərkən işəgötürən hər bir işçinin stajına uyğun müəyyən edilən xəbərdarlıq müddətinə riayət etməlidir. Əgər bu müddətlərə əməl olunmursa və ya qanunsuz ixtisara yol verilirsə, bu, işçinin hüquqlarının kobud şəkildə pozulması deməkdir”, – deyə hüquqşünas qeyd edib.
Natiq Ələsgərov vurğulayıb ki, bəzi hallarda işəgötürən xəbərdarlıq müddətini gözləmək əvəzinə işçiyə həmin müddətə uyğun kompensasiya ödəməklə əmək müqaviləsinə daha tez xitam verə bilər.
“Əmək Məcəlləsinə əsasən, işəgötürən xəbərdarlıq müddətini gözləmək istəmədikdə, işçinin razılığı ilə həmin müddətə uyğun gələn orta əməkhaqqı birdəfəlik ödənilməklə əmək müqaviləsinə dərhal xitam verilə bilər. Lakin bir çox hallarda işəgötürənlər bu prosedurları pozaraq işçiləri çətin vəziyyətdə qoyurlar”, – deyə o bildirib.
Hüquqşünasın sözlərinə görə, ixtisara düşən şəxslərin hüquqları yalnız xəbərdarlıq müddəti ilə məhdudlaşmır. İşçilərə qanunvericilikdə nəzərdə tutulan digər ödənişlər, o cümlədən işdənçıxarma müavinəti də verilməlidir.
“İşçilər ştat ixtisarı ilə üzləşdikdə yalnız xəbərdarlıq müddəti ilə deyil, həm də qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərlə, o cümlədən işdənçıxarma müavinəti ilə təmin olunmalıdırlar. Əgər işəgötürən tərəfindən hər hansı bir qanun pozuntusuna yol verilərsə, vətəndaşlar dərhal məhkəməyə və ya müvafiq dövlət qurumlarına müraciət edərək pozulmuş hüquqlarını bərpa edə bilərlər”, – Natiq Ələsgərov vurğulayıb.