Bişkekdə Əliyev-Paşinyan görüşü: sülh yolunda yeni addım

Bişkekdə Əliyev-Paşinyan görüşü: sülh yolunda yeni addım
13:29

Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan görüş regionda sülh prosesinin gələcəyi baxımından diqqət çəkən məqamlardan biri olub.

Politoloq Turan Rzayev bu barədə News365.az-a açıqlamasında bildirib ki, liderlərin görüşü Azərbaycan-Ermənistan münasibətlərində birbaşa dialoqun davam etdirilməsi baxımından müsbət qiymətləndirilə bilər.


Onun sözlərinə görə, hər iki lider ŞƏT Zirvə toplantısında iştirak etmək üçün Bişkekə səfər etsə də, sammit çərçivəsində ikitərəfli görüşün keçirilməsi xüsusi siyasi əhəmiyyət daşıyır:

“Göründüyü kimi, tərəflər görüşü hər hansı vasitəçinin iştirakı olmadan, birbaşa formatda keçirirlər. Son dövrlərdə Azərbaycan və Ermənistan arasında təmasların məhz ikitərəfli müstəvidə aparılması, eləcə də belə görüşlərin beynəlxalq tədbirlər çərçivəsində əvvəlcədən razılaşdırılaraq dövlət rəsmiləri tərəfindən təşkil edilməsi tərəflər arasında dialoq kanallarının qorunduğunu və siyasi təmasların davam etdiyini göstərir”.

Politoloq qeyd edib ki, görüş zamanı 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş Sülh Zirvəsinin nəticələri də müzakirə olunub. Tərəflər ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzalanmış Birgə Bəyannamənin, həmçinin “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətninin paraflanmasının tarixi əhəmiyyətini vurğulayıblar.

Turan Rzayevin sözlərinə görə, bu məqam tərəflərin artıq həlli mümkün olan və ortaq mövqeyə yaxın məsələlər ətrafında müzakirələri davam etdirdiyini göstərir.

“30 ildən artıq davam edən danışıqlar prosesində tərəflərin ciddi fikir ayrılıqları içində olduğunun və bu səbəbdən prosesin nəticəsiz qaldığının şahidi olurduq. Bu mənada, Vaşinqtonda əldə olunan razılaşmalar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və uzunmüddətli sülhün formalaşdırılması istiqamətində mühüm siyasi mərhələ idi”, – deyə politoloq bildirib.

O vurğulayıb ki, hazırda sülh prosesi müəyyən praktiki nəticələrlə də müşayiət olunur. Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, üçüncü ölkələrdən taxıl və digər əmtəələrin Azərbaycan ərazisi ilə Ermənistana tranzitinin həyata keçirilməsi, eləcə də iki ölkə arasında ticarət əlaqələrinin qurulması bu baxımdan mühüm nümunələrdir.

Politoloq əlavə edib ki, görüş zamanı Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası məsələsi də diqqətdə saxlanılıb. Tərəflər delimitasiya üzrə müvafiq dövlət komissiyalarının rolunu qeyd edərək, onların əldə olunmuş razılaşmalara uyğun fəaliyyətlərini davam etdirməsinin vacibliyini vurğulayıblar.

Turan Rzayev hesab edir ki, dövlətlər arasında sərhədlərin hüquqi və praktiki baxımdan müəyyənləşdirilməsi dayanıqlı sülhün əsas şərtlərindən biridir:

“Bu sahədə tərəflər arasında mühüm irəliləyiş var. Proses ümumilikdə ləng gedə bilər. Amma nəticə var və bu, müsbətdir”.

Politoloq görüşdə TRIPP layihəsinin əhəmiyyətinin xüsusi qeyd olunmasına da diqqət çəkib. Onun sözlərinə görə, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” yalnız nəqliyyat layihəsi kimi qiymətləndirilməməlidir.

“TRIPP regionda yeni kommunikasiya imkanlarının formalaşmasına, iqtisadi əlaqələrin genişlənməsinə və Cənubi Qafqazın daha geniş regional nəqliyyat şəbəkəsinə inteqrasiyasına şərait yaradacaq. Azərbaycan-Ermənistan münasibətləri baxımından isə bu cür bağlantıların yaradılması iki ölkə arasında qarşılıqlı iqtisadi əlaqələrin dərinləşməsi və sülhün praktiki icrası baxımından həyati əhəmiyyət daşıyır”, – deyə Turan Rzayev vurğulayıb.

News365.az


Sizin reklam burada
Sizin reklam burada