"Kənar qüvvələrin bölgəyə gəlməsi sülhün uzanmasına səbəb olur"- Züriyə Qarayeva

"Kənar qüvvələrin bölgəyə gəlməsi sülhün uzanmasına səbəb olur"- Züriyə Qarayeva
15:30

"Ermənistanın sülh prosesini mümkün qədər uzatmağa çalışdığı açıq şəkildə görünür."

Politoloq Züriyə Qarayeva bunu News365.az-a açıqlamasında deyib. 

"Azərbaycanın bu məsələdə qətiyyətli mövqeyi var və sülh müqaviləsinin imzalanması üçün bir sıra fundamental problemlər mövcuddur. Bu problemlərdən biri də delimitasiya prosesinin ikinci mərhələsinin icrası ilə bağlıdır. Ankara görüşlərində delimitasiya və demarkasiya işlərinin hələ tam başa çatmadığı məlumdur. Bununla belə, birinci mərhələnin uğurla yekunlaşdığı müşahidə olunub. Lakin bəzi qüvvələr bu prosesi süni şəkildə uzatmaq üçün müxtəlif maneələr yaradır.

Delimitasiya olunmamış ərazilərdə xarici qüvvələrin mövcudluğu müəyyən dairələrin maraqlarına xidmət edir. Kənar qüvvələrin bölgəyə gətirilməsi, maraqların toqquşması fonunda prosesin uzadılmasına səbəb olur. Eyni zamanda, Azərbaycanın sülh müqaviləsinin imzalanması ilə bağlı atdığı qəti addımlar da bəzi xarici qüvvələri narahat edir. Sülh müqaviləsinin imzalanması bölgədə yeni siyasi reallıqlar yaradacaq və bu, müəyyən dairələrin maraqlarına uyğun gəlməyə bilər.

Müəyyən xarici qüvvələr regionda yalnız sabitliyin olmadığı şəraitdə fəaliyyət göstərə bilirlər. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması həmin qüvvələrin bölgədəki təsir imkanlarını məhdudlaşdırır. Prosesin birinci mərhələsində bu qüvvələrin bölgədən uzaqlaşdırılması istiqamətində əhəmiyyətli irəliləyiş əldə olunmuşdur.

Fransa kimi dövlətlərin bölgədə aktivləşməsi də prosesin uzadılmasına xidmət edən amillərdən biridir. Prezident Emanuel Makronun “ermənidən çox erməni olma” siyasəti bu kontekstdə nəzərdən keçirilə bilər. Fransanın regiona müdaxiləsi təkcə Ermənistanın maraqlarına xidmət etmir, eyni zamanda, Qərb-Rusiya qarşıdurması fonunda qiymətləndirilməlidir. Qərb Cənubi Qafqazda Rusiyanın təsirinin zəiflədilməsinə çalışır və bu, prosesin gedişatına birbaşa təsir göstərir.

Azərbaycanın prinsipial mövqeyi sülh prosesinin irəliləməsində mühüm rol oynayır. Bütün maneələrə baxmayaraq, ölkə bölgədə dayanıqlı sülhün və sabitliyin təmin olunması üçün ardıcıl addımlar atmaqdadır. Siyasi iradə və qətiyyət Azərbaycanın maraqlarının qorunmasını və sülh prosesinin uğurla yekunlaşmasını təmin edəcək əsas faktorlardandır."

News365.az