Keçmiş arvadını məktəbin qarşısında öldürmək istədi - 15 il HƏBS

Keçmiş arvadını məktəbin qarşısında öldürmək istədi - 15 il HƏBS
13:56

Keçmiş həyat yoldaşını öldürməyə cəhd edən 1969-cu il təvəllüdlü Əfqan Səfərova (ad şərtidir) hökm oxunub.

News365.az-ın məlumatına görə, hadisə 10 fevral 2025-ci il tarixdə, Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən 270 nömrəli tam orta məktəbin qarşısında baş verib.

Araşdırma zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs həmin məktəbdə xadimə işləyən keçmiş həyat yoldaşı Gülsadətlə (ad şərtidir) görüşərək birgə yaşadıqları illərdə xərclədiyi vəsaitin geri qaytarılmasını tələb edib. Qadının bu tələbi rədd etməsindən sonra o, evinə gedərək "rezak" (kəsici alət) götürüb və günün ikinci yarısında yenidən məktəbin qarşısına qayıdıb.

Saat 15 radələrində qadın işdən çıxarkən arxadan yaxınlaşaraq onun boğaz və əl nahiyələrinə zərbələr endirib. Hadisə zamanı ərazidə şagirdlər də olub.

Zərərçəkmişin qışqırığını eşidən taksi sürücüsü Cavid adlı şəxs hadisəyə müdaxilə edərək hücum edən şəxsi dayandırıb və rezakı onun əlindən alıb. Yaralı qadın xəstəxanaya çatdırılıb və vaxtında göstərilən tibbi yardım nəticəsində həyatı xilas edilib.

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs cinayəti törətdiyini qismən etiraf etsə də, qadını öldürmək niyyətində olmadığını bildirib. Lakin şahidlərin ifadələri, ekspertiza rəyləri və toplanmış digər sübutlar onun qəsdən öldürməyə cəhd etdiyini təsdiqləyib.

Zərərçəkmiş qadın məhkəmədə ifadə verərək keçmiş ərinin davamlı şəkildə onu döydüyünü, hədələdiyini və təqib etdiyini, hadisə günü də “səni öldürəcəyəm” deyə təhdid etdiyini bildirib.

Hökmə əsasən, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.2 (qəsdən adam öldürməyə cəhd - xüsusi amansızlıqla törədildikdə) və 221.3 (xuliqanlıq - silah qismində istifadə olunan əşya ilə törədildikdə) maddələri ilə təqsirli bilinib.

Məhkəmə onu 15 il 3 ay müddətinə azadlıqdan məhrum edib.


Sizin reklam burada
Sizin reklam burada