Şahmat üzrə keçmiş dünya şahmat çempionu və Rusiyanın müxalifət fəalı Harri Kasparov həyatına təhlükə ilə bağlı ABŞ və Litva xüsusi xidmət orqanları tərəfindən xəbərdar edildiyini açıqlayıb.
News365.az xəbər verir ki, bu barədə BBC News məlumat yayıb.
Kasparovun sözlərinə görə, o və “Free Russia Forum”un həmtəsisçisi İvan Tyutrin təhlükəsizlik tədbirlərinə əməl etmələri barədə tövsiyə alıblar.
Kasparov bu barədə özünün “The Next Move” nəşrində yazıb.
İspaniyanın “El Mundo” qəzeti mənbələrinə istinadən yazıb ki, Kasparov və digər rusiyalı müxalifətçi İlya Ponomaryov ABŞ rəsmilərindən xəbərdarlıq alıblar. Nəşrin məlumatına görə, Kasparov ABŞ-a köçdükdən sonra ilk dəfə gücləndirilmiş mühafizəyə götürülüb.
“Dayanmayacağam və gizlənməyəcəyəm. Bunun mümkün olduğuna inansam belə, bunu etməyəcəyəm”, – Kasparov bildirib.
Onun sözlərinə görə, Vladimir Putin Rusiyada hakimiyyətdə qaldığı müddətdə nə o, nə də ailəsi “əsl mənada təhlükəsiz olmayacaq”.
Qeyd edək ki, Harri Kasparov 2013-cü ildə Rusiyanı tərk edib. Rusiyanın keçmiş Dövlət Duması deputatı İlya Ponomaryov isə 2014-cü ildə Krımın ilhaqına qarşı səs verən yeganə rusiyalı parlamentari olub.