İşi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan şəxs işsiz şəxs hesab edilir. İşini itirən və ya iş axtaran hər kəsə dövlət tərəfindən pulsuz dəstək göstərilir.
Bəs işsizlik sığorta ödənişi hansı hallarda təyin edilir?
Mövzu ilə bağlı “Ekspert-SM Ltd” MMC-nin hüquqşünası Nigar Mustafayevanın sözlərinə görə, müəyyən səbəblərdən əmək münasibətlərinə xitam verilən şəxsin işsizlik sığortası almaq hüququ var: “Bundan başqa işəgötürən (dövlət qurumu və ya şirkət) bağlanarsa, ştat ixtisarı aparılaraq işçi sayı azaldılarsa, müəssisənin sahibi dəyişərsə, məhkəmə qərarı ilə əvvəlki işçi öz əvvəlki işinə, hərbi xidmətdən qayıdan işçi əvvəlki iş yerinə bərpa olunarsa, həmçinin müddətli əmək müqaviləsinin müddəti başa çatan şəxslər sığorta ödənişindən yararlana bilərlər. Bunun üçün ən yaxın DOST Mərkəzinə və ya Ərazi Məşğulluq Mərkəzinə müraciət edilməlidir”.
Hüquqşünas onu da qeyd edib ki, işsizlik müavinətinin məbləği şəxsin əvvəlki maaşından, sığorta stajından və digər şərtlərdən asılıdır: “İşsizlikdən sığorta ödənişinin müddəti bitəndən sonra münasib iş tapılmazsa, şəxs yeni peşə tələb etməyən digər işlə təmin oluna bilər. “Məşğulluq haqqında” Qanunun 5-ci maddəsinə uyğun olaraq, işsizlikdən sığorta ödənişi almaq üçün şəxs əvvəlcə işsiz kimi qeydiyyata düşməli, fərdi məşğulluq proqramını təsdiq etməli və hər ay bu proqramın icrası ilə bağlı elektron hesabat göndərməlidir. Əgər şəxs Məşğulluq Agentliyinin təklif etdiyi münasib işdən üzrsüz səbəb olmadan imtina edərsə və ya aylıq hesabatı təqdim etməzsə, sığorta ödənişi dayandırılır. Bu halda o, bir il ərzində yenidən ödəniş almaq hüququnu itirir. Yəni şəxs təklif edilən işi qəbul etməzsə və ya tələb olunan hesabatı verməzsə, ödəniş kəsiləcək. Ödənişin davam etməsi üçün qanunda göstərilən qaydalara əməl etmək mütləqdir. Sığorta ödənişi yalnız hesabat təqdim olunduqdan və təsdiqləndikdən sonra verilir”.
N. Mustafayeva işsiz kimi qeydiyyata alınma qaydalarından da bəhs edib: “Onlayn qeydiyyat e-sosial.az və ya emas.az vasitəsilə aparılır. Bunun üçün: Şəxsi kabinetə daxil olursunuz.
“Məşğulluq” → “Şəxsi anket” bölməsində məlumatlarınızı doldurursunuz.
Daha sonra “Müraciətlər” → “Yeni müraciət” bölməsindən işsiz kimi qeydiyyat üçün müraciət göndərirsiniz.
Sistem məlumatları avtomatik yoxlayır və əgər başqa yerdə işləmirsinizsə, dərhal işsiz kimi qeydiyyata alır.
Şəxsi müraciət üsulu ilə:
Yaşadığınız ünvana uyğun DOST Mərkəzinə və ya Məşğulluq Mərkəzinə yaxınlaşa bilərsiniz. Qeydiyyatdan sonra sizə “münasib iş” təklif ediləcək. (Bu, təhsilinizə, təcrübənizə və yaşayış yerinizə uyğun seçilən işlərdir.) Təklifləri şəxsi kabinetinizdə “Məşğulluq göndərişləri” bölməsindən izləyə bilərsiniz”.
İşsiz və ya işaxtaran şəxslərin hüquqlarından danışan N.Mustafayeva bütün şəxslərin bərabər şəkildə şansa malik olduqlarını vurğulayıb.
“Dövlət sizə pulsuz şəkildə iş tapmaqda kömək edir və uyğun iş təklif edir. Peşə hazırlığı və təlim kurslarına göndərilə bilərsiniz, kurs müddətində təqaüd verilir. Əgər işiniz hüquqi əsaslarla bitibsə, işsizlik sığortası almaq hüququnuz var, sosial müdafiə ilə bağlı digər xidmət və yardımlardan yararlana bilərsiniz. “Məşğulluq haqqında” Qanuna uyğun olaraq təhsili, ixtisası və əvvəlki iş təcrübəsinə uyğun olmasa belə, əvvəlcədən xüsusi hazırlıq tələb etməyən və əmək qanunvericiliyinə uyğun olan, əməkhaqqı verilən müvəqqəti iş yerləri bu şəxslər üçün münasib iş hesab olunur:
3 ildən çox işləməyənlər və peşəsi olmayanlar;
Peşə hazırlığı kursuna getməkdən imtina edənlər;
Məşğulluq orqanında 24 aydan artıq qeydiyyatda qalanlar.
Əgər iş axtaran şəxsin razılığı olmadan ona yaşayış yerini dəyişməyi tələb edən iş təklif edilirsə və ya iş yerindəki əmək şəraiti təhlükəsizlik qaydalarına uyğun deyilsə, bu iş münasib iş sayılmır. İş axtaran və ya işsiz şəxsə eyni işi təkrar təklif etmək olmaz”,-deyə o söyləyib. ///Pravda