İsrailin Yaxın Şərq siyasətindəki hibrid yanaşmaları və bölgədə proksi aktorlar üzərindən təsir imkanlarını genişləndirməsi yeni eskalasiya təhlükələrini gündəmə gətirir.
Bu barədə politoloq Sultan Zahidov News365.az-a açıqlamasında bildirib.
O vurğulayıb ki, hazırda dünyada hibrid toqquşmalar — yəni dövlətlərin bir-birinə qarşı diplomatik, siyasi və qeyri-rəsmi yollarla təzyiq göstərməsi tendensiyası davam edir.
Politoloqun sözlərinə görə, İsrailin Suriyadakı dürz icmasına göstərdiyi xüsusi diqqət sırf humanitar deyil, siyasi məqsədlərə xidmət edir:
“İsrail Suriyada yaşayan 700 minlik dürz icmasını qorumaq adı altında, əslində orada proksi güc formalaşdırmağa çalışır. Bu icma həm də gələcəkdə İsrailin maraqları üçün istifadə edilə biləcək bir dayaq nöqtəsidir.”
Zahidov əlavə edib ki, İsraildə 150 minlik dürz icması uzun illərdir bu ölkənin ordusuna xidmət göstərir və rəsmi Təl-Əviv bu cəmiyyətlə münasibətləri sarsıtmaq istəmir. Bu səbəbdən də, Suriyadakı dürzlərə dəstək, həm daxili ictimai sabitlik, həm də xarici siyasətdə mövqe üstünlüyü üçün əhəmiyyət daşıyır.
Politoloq qeyd edib ki, bu siyasət həm Suriyayla, həm də Türkiyə ilə İsrail arasında gərginliyi artırır:
“Dürzlər məsələsindəki fəallıq bölgədə proksi üzərindən qarşıdurma riskini yüksəldir. Əgər real diplomatik və vasitəçi addımlar atılmasa, gözlənilməz toqquşmalar istisna deyil.”
Zahidov onu da qeyd edib ki, İsrail və ABŞ bölgədə birbaşa qarşıdurmadan yayınmağa çalışacaq. Onun fikrincə, İsrailin bəzi strukturları Türkiyə və Suriyanı təhlükə kimi görsə də, ümumi strateji yanaşma Türkiyə ilə açıq konfrontasiyanın qarşısını almağa yönəlib