İslamda uşaqları çubuqla döymək tövsiyyə olunur? - Tural İrfan yazır

İslamda uşaqları çubuqla döymək tövsiyyə olunur? - Tural İrfan yazır
14 İyl 2025 17:19
Çeçenistanda Quran əzbərləməyi öyrədən hafizlər məktəbində müəllim uşaqları çubuqla döyüb xəsarət yetirib, işgəncə verib.
İndi dinə qarşı yerli - yersiz hücum edənlər başlayacaq ki, budur sizin dininiz. Ancaq dinin harasında var ki, qadını yaxud uşağı döymək olar? Heç yerdə yoxdur belə göstəriş. Əksinə döyülüb xəsarət almış adama diyət, əvəz ödənməlidir. İslam hüququna görə insana qarşı hər hansı bir xəsarət baş verdikdə qarşı tərəf mütləq əvəz ödəməli yaxud xəsarət yetirəni məsuliyyətə cəlb etdirməlidir.
İslamda elmə təşviq var, təziq yoxdur. Keçmişdə xurafatçılığın vəhşi ənənələrindən biri kimi mədrəsələrdə uşaqları falaqqaya salıb hətta ayaqlarının altını çubuqla döyəcləmək idi. Böyük Mirzə Cəlil bu həngamələri Molla Nəsrəddin jurnalında mütəmadi şəkildə tənqid edirdi.
İslamın həssas, mədəni, sivil özəlliyini ərəb vəhşiliyi və fars hiyləgərliyi ilə əvəzləyəndən sonra müsəlmanlar bu günə düşdü. Dini sanki qılınc, zor, savaş dini kimi qəddar, radikal, cəhalətə aparan yol kimi təqdim etdilər.
İslamda nə dini zorla yaymaq var, nə də qadına, uşağa zor göstərmək var. İmam Cəfər Sadiqin təbiri ilə desək, din yalnız məhəbbətdən ibarətdir.
Quran əzbərləyən uşağı döymək dinə məhəbbət yaratmır. Uşağın psixoloji cəhətdən travma yaşamasına, həm dinə, həm də cəmiyyətin bu işlərə şərait yaratmasına nifrətinə səbəb olur. Və onun özünü də qəddar yetişdirir. Döyülərək Quran əzbərləyən uşaq gələcəkdə ya İŞİD üzvü ya da qatı ateist olacaq. Ondan mərhəmət, elm, irfan, mərifət gözləmək artıqdır.
İslamda uşaqlara mərhəmət göstərmək tövsiyə olunur. Şiddət dinə xas xüsusiyyət deyil. Müəllimin, xüsusən də Quran dərsində, Quran əzbərləyən uşaqları döyməsi, işgəncə verməsi dini cəhətdən böyük günah, dünyəvi yöndən də cinayətdir.
Tural İrfan, ilahiyyatçı


Sizin reklam burada
Sizin reklam burada