" Rusiya Azərbaycanı özündən asılı vəziyyətdə saxlamaq istəyirdi"- Oqtay Qasımov

" Rusiya Azərbaycanı özündən asılı vəziyyətdə saxlamaq istəyirdi"- Oqtay Qasımov
15:03

Rusiya 2020-ci ildən sonra Azərbaycanın atdığı addımları öz maraqları çərçivəsində yönləndirmək niyyətində idi. Moskva çalışırdı ki, Bakı Zəngəzur dəhlizi məsələsində Rusiyanın diktəsi ilə hərəkət etsin və bu prosesi öz nəzarəti altında saxlasın.

Bu fikirləri politoloq Oqtay Qasımov News365.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, Azərbaycan rəhbərliyi məsələni hərbi yox, diplomatik yolla həll etməyə üstünlük verib:

“Prezident də qeyd etdi ki, istəsəydik bu addımı dərhal ata bilərdik. Amma biz məsələni dialoq və diplomatiya yolu ilə həll etməyə çalışdıq. Zaman keçdi, 5 ilə yaxın vaxt aldı, amma sonda qərar verildi. Rusiya isə istəyirdi ki, Azərbaycan bu məsələdə çətin vəziyyətə düşsün, beynəlxalq təzyiqlərə məruz qalsın və nəticədə Moskvaya sığınmaq məcburiyyətində qalsın”.

Politoloq əlavə edib ki, Rusiya üçün narahatlıq doğuran başqa məqam da Azərbaycanın xarici siyasətdə müstəqil mövqeyi və yeni reallıqlar yaratmasıdır:

“Əslində, Ukrayna ərazilərinin işğalı ilə bağlı məsələlərdə də oxşar yanaşma vardı. Biz dəfələrlə demişik ki, Rusiya Ukraynada hədəflərinə çatarsa, növbəti hədəf Azərbaycan ola bilər. Səbəb isə aydındır – Azərbaycan öz ərazi bütövlüyünü təmin edib, yeni reallıqlar yaradıb. Rusiya üçün ən həssas məsələ isə post-sovet ölkələrinin müdafiə və təhlükəsizlik sistemlərinin Rusiyadan ayrılıb müasir, hətta NATO standartlarına uyğunlaşmasıdır. Bu isə Moskva üçün qəbuledilməzdir”.

Oqtay Qasımovun sözlərinə görə, Moskva keçmiş sovet respublikalarını müdafiə və təhlükəsizlik sahəsində özündən asılı vəziyyətdə saxlamaq xəttini davam etdirir.


Sizin reklam burada
Sizin reklam burada