Region ölkələri və ABŞ Zəngəzur dəhlizindən qazanc əldə edəcək - Taleh Əliyev

Region ölkələri və ABŞ Zəngəzur dəhlizindən qazanc əldə edəcək - Taleh Əliyev
15:03

"Region ölkələri və ABŞ Zəngəzur dəhlizindən qazanc əldə edəcək".

Politoloq Taleh Əliyev News365.az-a açıqlamasında bildirib ki, regionda sabitliyin yaradılması və nəqliyyat imkanlarının genişləndirilməsi həm region ölkələrinin, həm də ABŞ-ın maraqlarına uyğundur. Onun sözlərinə görə, bu, regionun işgüzar və nəqliyyat platformasına çevrilməsi ilə yanaşı, tərəflərin iqtisadi qazanc əldə etməsinə imkan yaradır.

Taleh Əliyev xüsusilə Azərbaycan Prezidenti İlham Əliyevin son səfərlərini xatırladaraq, Azərbaycan, Türkmənistan və Özbəkistan arasında qəbul olunan ortaq bəyanatın əhəmiyyətini vurğulayıb. Ekspert qeyd edib ki, əsas müzakirə mövzusu Orta Asiyanın enerji resurslarının Xəzər dənizi vasitəsilə Azərbaycan və Avropaya çatdırılması və tərəflər arasında əməkdaşlığın gücləndirilməsidir.

Politoloq Zəngəzur dəhlizini (Donald Trampın adını daşıyan “Tramp dəhlizi”) region üçün strateji yol kimi dəyərləndirib. O, bildirib ki, dəhliz yalnız Ermənistanla münasibətlərin normallaşması məsələsi deyil, həm də Türkiyə üzərindən Orta dəhlizin işlək vəziyyətdə olması, dəmir yolu, avtomobil yolu və boru xətləri vasitəsilə təhlükəsiz və dayanıqlı nəqliyyat imkanlarının təmin olunması deməkdir.

Ekspert əlavə edib ki, Azərbaycanın Ermənistanla münaqişə vəziyyətində olması dəhlizlər üzrə layihələrin təhlükəsizliyinə təsir göstərə bilər, amma bu layihələrin reallaşması regionda sabitlik, təhlükəsizlik və rifahın artmasına xidmət edəcək.


Sizin reklam burada
Sizin reklam burada