Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) hazırda Asiya məkanının ən önəmli və sürətlə yüksələn qurumlarından biridir. Təşkilatın nüfuzu, xüsusilə Çin, Hindistan və Pakistan kimi böyük iqtisadi güclərin, eləcə də Orta Asiya dövlətlərinin iştirakı ilə daha da artmaqdadır.
Bu barədə politoloq Tural İsmayılov News365.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, təşkilat dünya iqtisadiyyatının aparıcı qüvvələrindən bir neçəsini özündə birləşdirdiyi üçün çox böyük perspektivlərə malikdir:
“Çin, Hindistan, Pakistan, Qazaxıstan, Özbəkistan, Tacikistan və Rusiya kimi üzv ölkələr eyni zamanda müşahidəçi statusunda bir sıra dövlətlərlə də əməkdaşlıq edirlər. Azərbaycan da uzun müddətdir ki, ŞƏT-ə üzvlüklə bağlı öz istəyini bəyan edib. Hazırda müşahidəçi statusunda təşkilatla əməkdaşlıq edən ölkəmizin bu istiqamətdə perspektivləri genişdir”.
Tural İsmayılov qeyd edib ki, Azərbaycanın müşahidəçi qismində ŞƏT ilə əməkdaşlığı ölkənin gələcək iqtisadi və siyasi inkişafı, həmçinin fəal xarici siyasəti üçün mühüm əhəmiyyət kəsb edir.
“Azərbaycan liderinin tez-tez ŞƏT toplantılarına dəvət olunması, ölkəmizin mövqelərinə ehtiyacın vurğulanması göstərir ki, yaxın gələcəkdə Azərbaycanın təşkilata üzvlüyü realdır. Azərbaycan həm də ŞƏT-in aparıcı dövlətləri ilə müxtəlif beynəlxalq platformalarda birgə təmsil olunur və möhkəm əlaqələrə malikdir”, – deyə politoloq əlavə edib.