"Zəngəzur dəhlizi üzrə beynəlxalq zəmanət vacibdir".
Milli Məclisin deputatı Arzu Nağıyev News365.az-a açıqlamasında bildirib ki, xarici siyasətdə qardaşlıq və dostluq münasibətləri maraqlara əsaslansa da, strateji layihələrin uğurla reallaşdırılması üçün beynəlxalq səviyyədə zəmanət və qarantiyanın olması vacibdir.
Deputatın sözlərinə görə, ümumi bəyanatlar kifayət etmir və layihələrin həyata keçirilməsi zamanı hüquqi və beynəlxalq təminatlar olmalıdır. Nağıyev xüsusilə Vaşinqton görüşündən sonra Zəngəzur dəhlizinin “Trump dəhlizi” adlandırılmasını qeyd edib və İranın dəhlizlə bağlı təhlükəsizlik məsələlərini qabartdığını vurğulayıb. O bildirib ki, İran sərhədi ilə dəhliz arasında potensial təhlükəsizlik boşluqları və digər dövlətlərin müdaxiləsi ilə bağlı problemlər mövcuddur.
Deputat əlavə edib ki, hazırda Azərbaycan vətəndaşları Naxçıvana səfər etmək üçün üçüncü bir dövlətin ərazisindən keçməli olurlar və layihənin tam işə düşməsi üçün beynəlxalq təminatlar, həm yük, həm də sərnişin daşımalarının təhlükəsizliyi təmin olunmalıdır.