İslam barışdırıcı dindir Tural İrfan yazır

İslam barışdırıcı dindir Tural İrfan yazır
09:46
Dinləri, xüsusən də İslam dinini milli dəyərlərlə, etnik ənənələrlə üz-üzə qoymaq doğru deyil. Heç bir şey təsadüfən ortaya çıxmır. Bu din də coğrafiyamızda öz-özünə yaranmayıb. Zamanın sosial-siyasi tələbləri, bir qədər də ideoloji boşluqdan doğan tarixi gerçəklik İslamın yayılmasını labüdləşdirib, sürətləndirib. Kim İslamı sifətində şıram kimi qəbul edibsə gedib estetik əməliyyat etdirib qurtula, yəni dini tərk edib özünə başqa din yaxud dinsizlik seçə bilər. Amma 1500 illik sivilizasiyanı meydana gətirən çoxsaylı xalqları, dəyərləri ətrafında birləşdirən böyük bir mədəniyyəti, dini heç kəs təhqir edə bilməz. Bu gün haqlı olaraq Qarabağda məscidlər, kilsələr bərpa olunur. Çünki onlar bizim tarixin, mədəniyyətin, xalqın, dövlətin ayrılmaz hissəsi, dəyəri, sərvətidir. Ağdamda ermənilər məscidə donuz salanda bu hamımızı ağrıdırdı. Lakin həmin məsciddən indi əzan oxunanda, xalqımıza dua ediləndə hamımız qürurlanırıq. Azərbaycan Respublikası Prezidenti seçilən zaman müqəddəs Qurana əl basanda hər birimiz fərəhlənirik...
Əgər söhbət türk millətinin parçalanmasından yaxud birləşə bilməməsindən gedirsə bunun günahkarı İslam yaxud Muhəmməd Peyğəmbər deyil. Əksinə, əgər bu gün türk millətini birləşdirən ilk amil etnik soy birliyidirsə ikincisi məhz İslam dinidir. Çünki türkləri faktiki olaraq heç bir siyasi qurum, birlik, alyans tarix boyu İslam dini qədər birləşdirə bilməyib. Hətta Sovet dövründə belə Özbəkistanda dini məktəblər fəaliyyət göstərirdi ki, bu, müəyyən mənada ortaq mədəniyyətimiz olan dini dəyərlərimizi qismən də olsa, məhdud coğrafiyada da olsa yaşatmağa, qoruyub saxlamağa kömək edirdi.
İslamı türklüklə, dini millətçiliklə qarşı - qarşıya qoymaq əslində çox təhlükəli məsələdir və parçalama cəhdidir. Bitə görə köynəyi yandırmazlar. Yaxud, bir neçə müəllim ya da şagird cinayət edəndə təhsil sistemini ləğv etmirlər, şəxslərin məsuliyyət məsələsini ortaya qoyurlar. Din pərdəsi altında gizlənən təxribatçılar, nadanlar, xurafat əhli, cahil sürü bizi də hədəfə gətirir, təhqirlərə məruz qoyurlar. Halbuki dinin mahiyyətində əxlaq prinsipi əsas amildir. Lakin bir qrup "müsəlman" adlanan şəxs, yaxud kütlə bu dinin atributları, kitabı, bayrağı altında pozğunluq edirsə, söyüş söyüb cinayət edirsə dinin nə günahı? Bir şəxs məsciddə cinayət edirsə yaxud haram işləyirsə məscidi dağıtmaq yoxsa adamı məsuliyyətə cəlb etmək lazımdır? Əlbəttə adamın cəzasını kəsmək gərək. Məscidin, daşın, divarın nə günahı? İndi bu nə məntiqdir bəzilərində? Əxlaqı olmayan yaxud özünü apara bilməyən müsəlmana görə dini, Peyğəmbəri, kitabı hədəfə alırlar...
Xarablıq İslam dinində deyil, müsəlmanların özündədir. Ortaq mədəni dəyər kimi türk millətini də digər millətləri də vahid inanc ətrafında birləşdirən əsas amillərdən biri, indiki dövrə görə bəlkə də birincisi İslamdır. Türk milləti İslamı qəbul etdikdən sonra öz coğrafiyasında bu dinin gətirdiyi dəyərlər sayəsində milyonlarla alim, filosof, mütəfəkkir, parlaq şəxsiyyət yetişdirib. Minlərlə tarixi, mədəni, dini abidəni qoynunda bəsləyən bu millət dünya mədəniyyət meydanına həmin dəyərlərlə çıxır. Əgər türklər İslamı qəbul etməsəydilər, həmin dövrdə vahid imperiya olmadıqları üçün fərqli dövlətlərin tərkibində fərqli dini inanclara sahib olacaqdılar və inanc, ideoloji, mədəniyyət yönündən də tamamilə parçalanıb yadlaşacaqdılar. İslamın ümmətçilik prinsipi nəinki türkü türkə yaxınlaşdırdı, hətta digər xalqları da bir-birinə yaxınlaşdırdı. Əks halda türk əsilli hökmdarlar genetik olaraq şovinist olan, Sasani varisi İrana əsrlərlə hökmdarlıq edə bilərdimi? Məgər farsın başında hakim olmaq üçün təkcə qılınc, zor kifayət edirdimi? Məhz İslamın ümmətçilik prinsipi idi ki, türkü farsa hakim etmişdi.
İslam, müsəlmanlıq beş - on nəfər ağzı murdar İran agentindən yaxud qız uşaqlarını məktəbdən yayındıran mühafizəkar vəhhabidən ibarət deyil. Türk olaraq İslamı təqdim etməyə Şərqin ikinci müəllimi adını almış təkcə Fərabi kifayətdir. İslamı niyə Fərabi ilə deyil də, sosial şəbəkədə söyüş söyən beş - on mütrüflə ölşür, müqayisə edirsiniz?
İslamdan əvvəl tüklərin vahid dini var idimi? Tanrıçılıq vahid sistemə malik olmadığı üçün dağınıq və pərakəndə bir inanc forması idi. Bu gün Rusiya ərazisində yaşayan bəzi türk xalqları bu dini yaşadırlar. Əgər İslam türkü parçaladısa hazırda müsəlman olmayan azsaylı türklərin niyə yarısı xristian yarısı tanrıçı yarısı da ateist qalanı da fərqli inanclara sahibdir? Bəlkə onları da İslam parçalayıb? Bəlkə onların birliyi müsəlman olan türklərdən daha möhkəmdir? Araşdırsanız görəcəksiniz ki, elə deyil.
Ümumiyyətlə müqayisə yanlış, qərəzli və yersizdir. Onda ərəblər də desin, Nəbatilər dövləti (e.ə. IV əsr – b.e. II əsri) və Himyərilər dövləti (e.ə. II əsr – b.e. VI əsri) ərəb yarımadasında və ətrafında mövcud olmuş ən qədim sivilizasiya, mədəniyyət, abidələr yaratmış dövlətlərdir. Məlum olan ilk türk dövləti Hun imperiyası isə daha sonrakı dövrlərdə - e.ə. III-II əsrlərdən etibarən geniş şəkildə formalaşmağa başlayıb. Yəni, "babalarımız at çapanda Muhəmməd Peyğəmbər yox idi" kimi fikirlər çaxnaşma cəhdindən başqa bir şey deyil. O yox idi, onun da babaları vardı, onlar da türklər kimi at, hələ üstəlik daha hündür heyvanın belində idilər.
İmperialist güclərin səlibçilik məfkurəsinin bu günkü təzahürüdür ki, bəziləri müsəlman, İslam adı altında mövcud olan xalqları daha tez istismar etmək üçün hücum çəkəndə qarşılarında divar, sədd olaraq bu xalqların ortaq dəyəri olan İslamı görürlər. Ona görə də hədəf bu səddir...
Tural İrfan, dinşünas

Sizin reklam burada
Sizin reklam burada