İşəgötürənlər işləmək istəyən şəxsi müxtəlif hiylələrlə yoxlayırlar. Bilmirəm, Azərbaycanda necədir? Amma, xaricdə aşağıdakı üsullar tətbiq edilir:
"BİR FİNCAN QƏHVƏ" VARİANTI
Son vaxtlar “Bir fincan qəhvə” testi işəgötürənlər arasında populyarlıq qazanır: müsahibənin əvvəlində müdir ərizəçini mətbəxə aparır və ona qəhvə təklif edir. Və müsahibədən sonra işəgötürən namizədin fincanla nə etdiyini diqqətlə izləyir: onu hara qoyacağına,
yoxsa mətbəxdə özü yuyacağına fikir verir.
Bu metodu işləyib hazırlayan Xero Avstraliya mühasibat proqram təminatı şirkətinin rəhbəri Trent İnnes əmin edir ki, hiylə suallara cavabdan daha çox insanın xarakteri və davranışını öyrənmək üçündür. Namizədin komandaya nə qədər tez reaksiya verəcəyi də dəqiqləşdirilir. Bu vəziyyətdə düzgün qərar müsahibədən sonra mətbəxə girmək və fincanı yumaqdır. "Bir fincan qəhvə" testi əslində zərərsiz hiylədir.
NAMİZƏDİN QƏSDƏN GÖZLƏDİLMƏSİ
Namizədin müsahibəsi səhər saat 9-a təyin edilib. O, özünü vaxtında çatdırır. Lakin işəgötürən deyir ki, məşğuldur, 10 dəqiqə gözləyin. 10 dəqiqə 20 dəqiqə olur. Sonra yarım saat. Bu hiylə, namizədin stresli halında nə qədər emosional cəhətdən sabit olduğunu və ümumiyyətlə, bu vəzifəni əldə etmək üçün mücadiləsini göstərə bilər.
Səsin tonunu artırmaq, konkret şəkildə qışqırmaq, namizədin stresli vəziyyətdə necə hərəkət edəcəyini, cavab qaytarıb-qaytarmayacağını yoxlamaq üçündür. Mütəxəssislər sakit olmağı və suallara mümkün qədər sakit cavab verməyi məsləhət görürlər.
PƏNCƏRƏDƏN TULLANMAQ ƏMRİ
Ərizəçi üçün başqa bir xoşagəlməz sürpriz eksantrik bir sorğu şəklində gizlənə bilər - məsələn, pəncərədən tullanmaq. Bu vəziyyətdə işəgötürən ərizəçinin çərçivədən kənar düşünmə qabiliyyətini görmək istəyir.
Bu vəziyyətdən belə çıxa bilərsiniz: pəncərəyə qalxın, ancaq müsahibənin keçirildiyi ofisin döşəməsinə atdanın - axı heç kim sizə hara enəcəyinizi deməmişdi. Və ya əks sual verməklə, işəgötürəni tərksilah edin: “Mənim atdanmağım şirkətə necə fayda verəcək?”
İŞƏGÖTÜRƏNİN SÜNİ LAQEYDLİYİ
Başqa bir üsul, işəgötürən qəsdən başını kompüterə yaxınlaşdırıb-uzaqlaşdırır, ərizəçiyə sual verib cavabını dinləmir, telefonla oynayır, yaxud onu otaqda tək qoyub çıxır. Belə bir hiylə ərizəçinin vəziyyətdən necə çıxacağını, işəgötürənin marağını özünə necə cəlb edəcəyini bilmək üçündür.
İŞÇİLƏRİN NAMİZƏDƏ MÜNASİBƏTİ
Müsahibədən sonra müdir ərizəçini potensial həmkarları ilə ünsiyyətə dəvət edir. Ofisdə, qeyri-iş mühitində və ya müəyyən bir vəziyyətdə. Bu, sadəcə nəzakətli bir jest deyil - işəgötürən həmkarlarının namizədlə bağlı qiymətləndirməsini eşitmək istəyir.
QƏLƏMİ QƏSDƏN YERƏ SALMAQ
Müdir ərizəçinin reaksiyasını görmək üçün qələmi qəsdən yerə atır. Əgər namizəd instinktiv olaraq əyilib götürsə, çox güman ki, işə götürüləcək. İşəgötürənə qışqırsa, ordan qovulacaq.
Azər Qismət, yazıçı publisist
P. S. Xaricdə məsləhət görürlər ki, özünüzü "yaxşı" aparın.
P. P. S. Bir kiçik məsləhəti də mən verim. Namizəd özbaşına kollektivin içinə daxil ola bilməz, nə də başqa otaqlara keçmək alınmır. Bircə yer qalır, icazə alıb ayaqyoluna keçə bilərsiz. Kiçik detal şirkət barədə təsəvvür formalaşdıra bilər. Mövlanənin sözü ilə desək, dənizin duzlu olmasını bilmək üçün bütün dənizi içməyə ehtiyac yoxdur, bircə qaşıqla da bilmək olar. Əgər ayaqyolunda lazımi aksesuarlar və lazım olanlar yoxdursa, bilin ki, orada sizin məvacibiniz az olacaq. Hər şey yerindədirsə, deməli xəsislik edilməyəcək.