İrəvana səfir təyin edilmək şərəfli vəzifədir - Nəsib Nəsibli

İrəvana səfir təyin edilmək şərəfli vəzifədir - Nəsib Nəsibli
16:35

8 avqustda Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni paraflanıb. Paraflanmış mətn ötən gün Xarici İşlər Nazirliyi tərəfindən ictimailəşdirilib. Sənəddə göstərilən maddələrdən biri də yekun sülh sazişinin qəbul edilməsindən sonra ölkələrin qarşılıqlı diplomatik münasibət qurması ilə bağlıdır.

Sazişin V maddəsində göstərilir:

“Tərəflər, bu Sazişin ratifikasiya olunması sənədlərinin hər iki tərəfdən mübadilə edilməsindən sonra __ gün ərzində öz aralarında Diplomatik və Konsulluq münasibətləri haqqında Konvensiyaların (müvafiq olaraq, 1961 və 1963-ci illərin) müddəalarına uyğun olaraq, öz aralarında diplomatik münasibətləri quracaqlar”.

Beləliklə, yaxın gələcəkdə Azərbaycanın Ermənistnda səfirliyi açıla bilər.

Uzun müddət qanlı müharibə və düşmənçilikdən sonra əldə edilən barışın ardından İrəvana göndəriləcək səfir heç şübhəsiz ki, digər ölkələrə təyin olunan diplomatlardan fərqlənməli olacaq.

Bəs İrəvana səfir gedəcək şəxs hansı keyfiyyətlərə malik olmalıdır?

Sabiq diplomat, Azərbaycanın İrandakı keçmiş səfiri Nəsib Nəsibli  deyib ki, İrəvana səfir təyin edilmək şərəfli vəzifədir:

“1918-20-ci illərdə Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəsi Məhəmməd Xan Təkinski olub. O da deyirdi ki, "mümkün qədər tez məni bu vəzifədən azad edib başqa bir vəzifəyə təyin edin, artıq yorulmuşam". İrəvana səfir göndəriləcək adamın nələr çəkəcəyini ən azından Tehranda işləyən Azərbaycan səfirləri bilir. O riyakarlığı, düşmənçiliyi, diplomatik etikaya uyğun olmayan fırıldaqların hamısını görəcək. Amma bu şərəfli bir vəzifədir. Ermənistan Respublikasında bizim maraqlarımız var. Yeni dövr yeni münasibətlər tələb edir. Mənim son aylarda təkrarladığım bir fikir var ki, mümkün qədər tez müqavilə imzalansın və Türkiyə-Azərbaycan İttifaqı çərçivəsində Ermənistanın zəhərli dişini çəkərək içimizdə əritmək imkanımız yaransın. İndi o istiqamətdə addım atılır. İrəvana təyin olunacaq diplomat da bu məsələdə çox önəmli bir rol oynayacaq”.


Sizin reklam burada
Sizin reklam burada