İranın siyasi sistemi danışıqlara necə təsir edir?

İranın siyasi sistemi danışıqlara necə təsir edir?
11:01

İranın daxili siyasi strukturu, ali rəhbərliklə prezident institutu arasında səlahiyyət bölgüsü və ölkənin xarici siyasət kursu ətrafında müzakirələr davam edir. Ekspertlər hesab edirlər ki, mövcud balans həm daxili idarəetməyə, həm də beynəlxalq danışıqlar prosesinə birbaşa təsir göstərir.

Politoloq Əhməd Şahidov News365.az-a açıqlamasında İranın daxili siyasi sistemi, hakimiyyət strukturu və beynəlxalq danışıqlar prosesi ilə bağlı fikirlərini bölüşüb.

O bildirib ki, İran prezidentinin səlahiyyətləri məhdud çərçivədə olsa da, əsas qərarverici güc ölkənin ali dini rəhbərliyinə məxsusdur. Bununla belə, son dövrlər baş verən proseslər silahlı qüvvələrin və təhlükəsizlik strukturlarının da siyasi qərarlara təsir etdiyini göstərir.

Politoloqun sözlərinə görə, daxili siyasi balans ölkənin xarici siyasətinə də birbaşa təsir edir və bəzi hallarda qərarların qəbuluna çevik reaksiya mexanizmləri formalaşır:

“Son hadisələr göstərir ki, İran daxilində müxtəlif güc mərkəzləri mövcuddur və bu mərkəzlər qərarvermə prosesinə təsir edir. Bu isə danışıqlar prosesində də özünü göstərir.”

Əhməd Şahidov qeyd edib ki, bəzi radikal və islahatçı qanadlar arasında balanslı mövqe formalaşmağa çalışılır. Onun sözlərinə görə, bu yanaşma həm daxili sabitliyi qorumağa, həm də iqtisadi və sosial gərginliklərin qarşısını almağa yönəlib.

O əlavə edib ki, İran iqtisadiyyatındakı təzyiqlər və sosial narazılıqlar da siyasi qərarlara təsir edən əsas amillərdəndir:

“Ölkədə iqtisadi vəziyyətin çətinləşməsi sosial etiraz risklərini artırır. Buna görə də daha balanslı siyasət yürüdülməsinə ehtiyac var.”

Politoloq həmçinin İran–ABŞ danışıqlarına toxunaraq bildirib ki, tərəflər arasında hələ də ciddi fikir ayrılıqları qalır:

“Həm İran, həm də ABŞ maksimalist tələblər irəli sürür. Bu isə razılaşma prosesini çətinləşdirir. Lakin yaxın dövrdə müəyyən kompromis zəmininin formalaşması mümkündür.”

Şahidovun fikrincə, İran rəhbərliyi ilə ali dini lider arasında keçirilən görüşlər də ölkə daxilində sabitlik və dialoq mesajı verməyə hesablanıb. O hesab edir ki, yaxın günlərdə danışıqlarda müəyyən orta razılaşmaların əldə olunması ehtimalı var.


Sizin reklam burada
Sizin reklam burada