İranda Xəzər Dənizinin Adını Dəyişmək Cəhdi - AÇIQLAMA

İranda Xəzər Dənizinin Adını Dəyişmək Cəhdi - AÇIQLAMA
10:17

İranda “İranşəhri” adlandırılan fars millətçi qruplaşması Xəzər dənizinin adının dəyişdirilməsi tələbi ilə yeni kampaniyaya başlayıb. Məqsəd bölgədəki türk izlərini və tarixini silmək cəhdidir. Ümumiyyətlə, İranda dənizin adını “Kaspi” və ya “Mazandaran” kimi təqdim etmək cəhdləri ilk dəfə deyil.

Mövzu ilə bağlı News365.az-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, tarixi adları siyasi sifarişlərlə dəyişmək mümkün deyil:


"Əvvəllər də bəzi fars millətçi cərəyanları Xəzər adını dəyişməyə çalışıblar. Hətta 2002-ci il mayın 20-də Ulu Öndər Heydər Əliyevin Tehrana səfəri zamanı mətbuat konfransında iranlı jurnalist dənizi 'Mazandaran gölü' kimi təqdim etməyə cəhd göstərmişdi.

Ümummillî Lider isə jurnalistə dərhal cavab verərək demişdi: 'Sualınızda səhv buraxdınız. Dünya xəritəsində Mazandaran adlı göl yoxdur. Əgər belə bir göl İran ərazisindədirsə, mən onu tanıramıram, xahiş edirəm tanıdasınız.' İran Prezidenti Məhəmməd Xatəmi mühiti yumşaltmaq üçün müxbirin bundan sonra 'Caspian Sea' deyəcəyini bildirsə də, Heydər Əliyev: 'Elə Caspian Sea-dir da. 300-400 il bundan öncəki xəritələrdə də belə yazılıb. İranda bəzi adamlar belə adlar icad etməklə danışıqlara mane olurlar' – deyərək məsələyə nöqtə qoymuşdu."

Politoloq vurgulayıb ki, aradan 24 il keçməsinə baxmayaraq, İrandakı bəzi dairələr hələ də bu tarixi cavabdan dərs çıxarmayıblar:

"Xəzəri 'Mazandaran' adlandırmaqla Xəzər türklərinin tarixini silmək, əsrlərin yaddaşını yenidən yazmaq imkansızdır. Tarixi adlar kimi, tarixə düşən sözləri də dəyişmək olmur. Həmin görüşdə Heydər Əliyevin erməniləri işğalçı adlandırmaq xahişinə Xatəmi 'Nə Ermənistan İsraildir, nə də Azərbaycan Fələstin' cavabını vermişdi. Azərbaycan Fələstin olmadığını öz əməli ilə sübut etdi. İndi sıra İrandakı həmin dairələrdədir — onlar bir dəfə xəritəyə baxıb 'Mazandaran gölü'nün harada olduğunu axtarsınlar. Cavab xəritədə yoxdur, Xəzər isə yerindədir və adı da Xəzərdir!"


Sizin reklam burada
Sizin reklam burada