Naxçıvana edilən dron hücumu regionda gərginliyi daha da artırıb. Hadisədən sonra İran rəsmiləri hücuma görə İsraili məsul saydıqlarını bəyan ediblər. Lakin bu iddiaların nə dərəcədə əsaslı olduğu və hücumun arxasında kimin dayandığı ilə bağlı müxtəlif suallar yaranır.
Bəs İranın səsləndirdiyi bu ittihamlar nə qədər inandırıcıdır?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, Azərbaycan güclü və müdafiə imkanları yüksək olan dövlətdir.

“Azərbaycan dövləti özünə qarşı edilmiş bu hücumun kimin tərəfindən edildiyini müəyyənləşdirmək gücünə və imkanlarına malikdir. Ona görə də İran rəsmilərinin bu hücumu təşviq edib başqa bir dövləti hədəf göstərmək cəhdləri tamamilə mənasız yanaşmadır.
Dövlət başçısı açıq şəkildə bəyan etdi ki, bu hücuma cavab vermək hüququ da Azərbaycana məxsusdur. Bu baxımdan İran rəsmilərinin irəli sürdüyü iddialar yersiz və məntiqsizdir”.
Elçin Xalidbəyli vurğulayıb ki, Azərbaycan dövləti özünə qarşı yönəlmiş hücumların arxasında kimin dayandığını dəqiq müəyyənləşdirə bilir və buna adekvat cavab vermək gücünə malikdir.
Politoloq xatırladıb ki, bundan əvvəl Azərbaycanın İrandakı səfirliyinə də hücum edilmişdi və sonradan hadisənin hansı şəraitdə baş verdiyi məlum olmuşdu:
“İran ilk dəfə deyil ki, Azərbaycana qarşı belə yol verilməz addımlar atır. Azərbaycan dövləti də bu cür hadisələrin arxasında kimin dayandığını dəqiq bilir.
İrana açıq şəkildə mesaj verilib ki, baş vermiş hadisə ilə bağlı Azərbaycana izah verilməlidir və üzr istənilməlidir, – deyə politoloq bildirib.