Moskva məhkəməsi VTB bankının keçmiş baş vitse-prezidenti Aleksandr Ter-Avanesovu dələduzluqda ittiham edərək qiyabi şəkildə həbs edib.
News365.az xəbər verir ki, Meşanski rayon məhkəməsinin qərarı ilə Ter-Avanesov barəsində həbs qətimkan tədbiri seçilib.
Qərara əsasən, o, Rusiyaya ekstradisiya və ya deportasiya edildiyi halda hüquq-mühafizə orqanlarına təhvil verildiyi andan etibarən və ya Rusiya ərazisində faktiki saxlanıldığı andan başlayaraq iki ay müddətinə həbs olunacaq.
Məlumata görə, Ter-Avanesova qarşı Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (xüsusilə külli miqdarda dələduzluq) ilə qiyabi ittiham irəli sürülüb.
Onu 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Cinayət işi 2023-cü ilin iyun ayında başlanıb və onunla bağlı azı altı cinayət işi bir icraatda birləşdirilib.
Qeyd edək ki, Aleksandr Ter-Avanesov Azərbaycan əsillidir. O, 2006–2015-ci illərdə Kostroma Vilayət Dumasını təmsil edən Federasiya Şurasının üzvü, 2015–2016-cı illərdə Kostroma Vilayət Dumasının deputatı olub. 2016–2023-cü illərdə isə VTB bankında baş vitse-prezident vəzifəsində çalışıb.