Dünyada son zamanlar baş verən geosiyasi hadisələr uzun illər ərzində “mümkün deyil” kimi dəyərləndirilən ssenarilərin belə reallığa çevrildiyini göstərir.
Politoloq Bakir Həsənbəyli News365.az-a açıqlamasında bildirib ki, bu proseslər bir çox beynəlxalq təşkilatların və aparıcı dövlətlərin belə əvvəldən proqnozlaşdırmadığı bir məcraya yönəlməkdədir.
“Dünyada baş verənlər göstərir ki, bir zamanlar ‘olmaz’ kimi dəyərləndirdiyimiz bir çox hadisələr artıq baş verir. Bu isə həm siyasi, həm də ideoloji baxımdan ciddi tərzib doğurur. Beynəlxalq güclərin belə düşünmədiyi hadisələr bir-birinin ardınca reallaşır”, – deyə politoloq vurğulayıb.
Bakir Həsənbəylinin sözlərinə görə, İran-İsrail qarşıdurması digər münaqişələrdən fərqli olaraq, dini və ideoloji müstəvidə də baş verir: “Bu münaqişəni İsrail-Fələstin münaqişəsindən fərqləndirən əsas cəhət ondan ibarətdir ki, hər iki tərəfin siyasi rəhbərliyi dini və ideoloji əsaslarla hərəkət edən, silahlı və radikal mövqelərə sahib şəxslərdir. Bu isə münaqişənin daha da təhlükəli bir formaya keçməsinə səbəb olur.”
Politoloq hesab edir ki, İran və İsrail təkcə dövlətlər olaraq deyil, həm də müəyyən layihələr kimi formalaşdırılmış strukturlaşmış güclərdir: “Bu hadisələr fonunda aydın görünür ki, həm İran, həm də İsrail tarix boyu müəyyən beynəlxalq maraqlara xidmət etmək məqsədilə ‘proje dövlətlər’ kimi formalaşdırılıb. Yəni, zaman-zaman regional və qlobal siyasətdə rol oynamaq üçün mövcudluqları təmin edilmiş aktorlardır.”
Həsənbəylinin fikrincə, bu gün baş verənlərin fonunda regionda yeni siyasi nizam qurulmaqda, təsadüfi görünən hadisələrin arxasında isə planlı gedişatların dayandığı aydın şəkildə müşahidə olunur.