"Əvvəllər də müzakirə etdiyimiz kimi, atəşkəs avtomatik olaraq sülh anlamına gəlmir. Digər tərəfdən, İsrail hazırda son 100 ildə bir dəfə yaranacaq qədər əlverişli fürsət əldə edib"
Politoloq Rufiz Hafizoğlu bu sözləri News365.az-a deyib.
"Hazırda hərbi əməliyyatlar davam edir və onların daha da genişlənəcəyi ehtimal olunur. İsrailin bugünkü əsas məqsədi – əvvəllər iddia etdiyi kimi "əsrlərlə geri qayıtmaq" deyil, məhz Qəzza üzərində tam hərbi nəzarəti ələ keçirməkdir. Qeyd etdiyimiz kimi, Donald Trump bu məqsədə açıq şəkildə dəstək verir.
Bir məqama xüsusi diqqət yetirmək lazımdır: əvvəllər danışanda sadəcə "Həmas" deyirdik, amma bu ad indi tez-tez İranla birgə çəkilir. Eyni zamanda, "Hizbullah" deyilir, amma əslində "İran" nəzərdə tutulur. Bu mənada, bölgə ölkələri İsrailin hərəkətlərini təkcə İsrailin deyil, ABŞ-ın da siyasəti kimi qəbul edirlər.
Burada belə bir sual yaranır: Niyə İsrail atəşkəsə getmir? Əvvəllər də müzakirə etdiyimiz kimi, atəşkəs avtomatik olaraq sülh anlamına gəlmir. Digər tərəfdən, İsrail hazırda son 100 ildə bir dəfə yaranacaq qədər əlverişli fürsət əldə edib. Ərəb dünyasının Qəzza məsələsindəki susqunluğu, İranın bu məsələdə arxa plana çəkilməsi, Hizbullahın əvvəlki gücünü itirməsi, İraqdakı müqavimət qruplarının – o cümlədən Haşd əş-Şabi-nin – passiv mövqe tutması və Yəməndəki qüvvələrin İran silahları ilə təchiz olunmasına baxmayaraq məsafə baxımından uzaqda yerləşməsi İsrailin bölgədə daha sərbəst və genişmiqyaslı hərbi əməliyyatlar həyata keçirməsinə şərait yaradır."