Azərbaycan-Türkiyə münasibətlərində nə baş verir? diqqətçəkən açıqlama

Azərbaycan-Türkiyə münasibətlərində nə baş verir? diqqətçəkən açıqlama
11:54

Azərbaycanın müstəqil xarici siyasəti, milli maraqlara əsaslanan qərarları və regional layihələrdə tutduğu mövqe ölkənin beynəlxalq münasibətlər sistemində özünəməxsus yerini müəyyənləşdirir. Lakin Bakı ilə Ankara arasında münasibətlərin ayrı-ayrı məsələlər ətrafında müzakirə edilməsi, Türkiyədəki bəzi dairələrin Azərbaycana yönələn tənqidləri iki ölkə arasındakı siyasi yanaşmaların yenidən gündəmə gəlməsinə səbəb olub.

Politoloq Tofiq Abbasov News365.az-a açıqlamasında Azərbaycanın xarici siyasətinin şəffaflıq, müstəqillik və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə söykəndiyini bildirib. Onun fikrincə, Azərbaycanla tərəfdaşları arasında münasibətlər gizli razılaşmalar üzərində qurulmamalı, tərəflər bir-birinin mövqeyinə hörmətlə yanaşmalıdır.

Politoloq vurğulayıb ki, Azərbaycan bütün tərəfdaş və qardaş ölkələrlə münasibətlərində açıq siyasət yürüdüb və eyni yanaşmanı qarşı tərəfdən də gözləyir.

“Bizim çalışmalarımız və istəklərimiz həmişə şəffaflıq rejimində baş tutub və biz bunu qarşı tərəflərin hamısından özümüz də gözləyirik. Bilirsiniz, oyun qaydaları həqiqətən razılaşdırılırsa, digər tərəfdən kin-küdurət yoxdursa, onda problem yaranmır. Amma bəzi hallarda Azərbaycan dövlətinin müstəqil siyasəti, bəzi məsələlərlə bağlı prinsipial yanaşması kimlərinsə xoşuna gəlmir.

Onlar elə bilirlər ki, Azərbaycan da Ermənistan kimi kiminsə yedəyində gedən bir dövlətdir və gərək kimlərinsə mövqeyini, yanaşmasını nəzərə alaraq öz davranışlarına hardasa qatqılar əlavə etsin, kimlərinsə xoşuna gəlsin deyə onların arqumentlərindən istifadə etsin. Bu, bizə yapışan iş deyil. Çünki dövlət başçısı İlham Əliyev həmişə açıq şəkildə bildirir ki, ölkəsinin, siyasi sistemimizin niyyətləri nədən ibarətdir”, – Tofiq Abbasov bildirib.

Azərbaycan regional layihələrdə tərəfdaşlarının da maraqlarını nəzərə alır

Politoloqun sözlərinə görə, Azərbaycanın inteqrasiya siyasəti yalnız milli maraqların təmin edilməsi ilə məhdudlaşmır. Bakı regional əməkdaşlıq çərçivəsində tərəfdaşlarının da iqtisadi inkişafına və rifahına töhfə verməyə çalışır.

O, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan neft kəməri və Orta Dəhliz kimi layihələri bu yanaşmanın nümunələri kimi göstərib.

“Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan və Orta Dəhliz başda olmaqla bütün layihələrdə məqsədimiz birgə səylərlə çətin prosesləri reallaşdırmaq, insanların qazanc əldə etməsi, töhfə götürməsi və rifahının yaxşılaşmasıdır. Əlbəttə, özümüzü də düşünürük, onları da düşünürük. Ona görə də Azərbaycan dövlətinin inteqrasiya siyasəti həm Asiyada, həm Avropada, bütün dünyada böyük coşqu ilə qarşılanır. Bizə verilən qiymətlərin hamısı müsbətdir”, – o qeyd edib.

Tofiq Abbasov Türkiyədəki bəzi dairələrin Azərbaycana münasibətini də tənqid edib. Onun iddiasına görə, müəyyən qrupların fəaliyyəti nəticəsində iki ölkə arasında münasibətlərin qarşıdurma müstəvisinə keçirilməsi cəhdləri müşahidə olunur.

Politoloq 2009-cu il Sürix protokollarını xatırlatdı

Azərbaycanın Türkiyə qarşısında irad tutulacaq addımlar atmadığını düşünən politoloq fikirlərini əsaslandırmaq üçün 2009-cu ildə imzalanmış Sürix protokollarını və həmin dövrdə baş verən siyasi prosesləri xatırladıb.

Onun sözlərinə görə, həmin vaxt Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması istiqamətində aparılan danışıqlarda Azərbaycanın mövqeyi və maraqları da mühüm əhəmiyyət daşıyırdı.

“Mən 2009-cu ildəki Sürix protokollarını xatırladardım. Bizdən xəbərsiz Ermənistanın siyasi dairələri üçüncü tərəfin – Amerika Birləşmiş Ştatlarının və digər ölkələrin iştirakı ilə Ermənistanla barışığa getməyə çalışırdılar, Azərbaycanı oyundan kənar vəziyyətdə saxlamağa çalışırdılar. O zaman Prezident İlham Əliyev çox prinsipial mövqe tutdu və birmənalı şəkildə bildirdi ki, biz bu yanaşmanı qəbul etmirik”, – politoloq bildirib.

Tofiq Abbasov həmin dövrdə beynəlxalq tədbirlər çərçivəsində Azərbaycanın mövqeyinə təsir göstərmək cəhdlərinin olduğunu da iddia edib. Onun sözlərinə görə, Prezident İlham Əliyev ölkənin maraqlarına uyğun hesab etmədiyi yanaşmalara razılıq verməyib və Azərbaycanın mövqeyini açıq şəkildə ifadə edib.

Politoloq hesab edir ki, bütün bunlar Azərbaycanın xarici siyasətdə müstəqil qərarlar qəbul etdiyini göstərir. O, Türkiyədəki müəyyən siyasi dairələrin Bakıdan narazılığını əsaslandırılmış hesab etmədiyini də vurğulayıb.

“Kiçik qardaş” yanaşması qəbuledilməzdir

Azərbaycan-Türkiyə münasibətlərindən danışan Tofiq Abbasov bildirib ki, iki ölkə arasında qardaşlıq əlaqələri qarşılıqlı hörmət və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə əsaslanmalıdır. Onun fikrincə, dövlətlər arasında münasibətlərdə birinin digərindən üstün tutulması və ya tərəflərdən birinə kiçik qardaş kimi yanaşılması düzgün deyil.

“Ola bilsin ki, bizim müstəqilliyimizin özü kimlərinsə ürəyincə deyil, kimlərsə bizə yuxarıdan aşağı baxır, bizi kiçik qardaş sayır.

Amma biz artıq o münasibətləri inkar edirik, rədd edirik və onlara heç vaxt yol verməyəcəyik. Çünki nə kiçik qardaş, nə böyük qardaş – hər dövlətin öz hədəfləri, milli təhlükəsizlik konsepsiyası, inkişaf doktrinası, dövlət və bölgə proqramları var. Bunların hamısını biz özümüz həll edirik. Bizim öz beynimiz, başımız, intellektimiz və insan kapitalımız var. Biz bunları inkişaf etdiririk”, – politoloq bildirib.

O əlavə edib ki, Azərbaycanı tənqid, təzyiq və ya təhdid yolu ilə öz mövqeyindən döndərmək mümkün deyil. Onun qənaətinə görə, ölkənin xarici siyasəti milli maraqlar və müstəqil qərarlar əsasında formalaşır.

“Azərbaycanın siyasəti şəffaf və praqmatikdir”

Tofiq Abbasov Azərbaycanın beynəlxalq münasibətlərdə rəqabəti təbii proses hesab etdiyini, lakin problemlərin qarşılıqlı fayda prinsipi ilə həllinə üstünlük verdiyini bildirib.

Politoloq ölkənin uzunmüddətli inkişaf strategiyasına, kibertəhlükəsizlik sahəsində əməkdaşlığa və gələcək hədəflərinə də diqqət çəkib.

“Azərbaycan dövlətinin siyasəti kifayət qədər şəffaf, rasional və praqmatikdir. Praqmatizm nədir? İndiki vəziyyətdə hər hansı bir variant əlverişli görünürsə, ona dəstək verib o proqramı inkişaf etdiririk.

Ölkəmizin 2030-cu və 2050-ci illərlə bağlı çox dərin hesablamaları var. Biz kibertəhlükəsizlik məsələlərində də bütün dünya ilə – sağlam qüvvələrlə əməkdaşlıq edirik”, – o deyib.

Politoloq Türkiyədəki bəzi dairələrdən Azərbaycana qarşı tənqid və təzyiqlərin gəlməsini təəssüflə qarşıladığını bildirib. Onun fikrincə, bu cür yanaşmalar iki ölkə arasındakı münasibətlərə fayda vermir və qarşılıqlı etimadın qorunmasına xidmət etmir.

Tofiq Abbasov hesab edir ki, mövcud narazılıqların aradan qaldırılması üçün qarşılıqlı münasibətlərə yenidən baxılması, yanlış yanaşmalardan uzaqlaşmaq və tərəflərin bir-birinin mövqeyinə hörmət etməsi vacibdir.

Politoloq Azərbaycanın müstəqil siyasətindən geri çəkilməyəcəyini vurğulayaraq, ölkəyə təzyiq göstərmək cəhdlərinin nəticə verməyəcəyini bildirib.


Sizin reklam burada
Sizin reklam burada