İrandan düzgün diplomatik yanaşma : Türkiyədəki bəzi siyasətçilər nümunə götürə bilərlər

İrandan düzgün diplomatik yanaşma : Türkiyədəki bəzi siyasətçilər nümunə götürə bilərlər
21:15
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayinin Azərbaycanda məktəblərdə vahid geyim qaydaları ilə bağlı müzakirələrə münasibəti diplomatik üslubu ilə diqqət çəkib. İran rəsmisi dini dəyərlərin əhəmiyyətini vurğulamaqla yanaşı, Azərbaycan xalqının öz mövqeyini və ölkəsinin maraqlarını müstəqil müəyyənləşdirmək hüququna hörmət ifadə edib.

Bəqayi oktyabrın 20-də keçirdiyi həftəlik mətbuat konfransında Azərbaycanda hicabla bağlı müzakirələrə münasibət bildirib.

"Azərbaycan xalqı yetkin və bəsirətli xalqdır. Öz inanc və etiqadlarını, o cümlədən həm bizim, həm Azərbaycan xalqının, həm də digər müsəlmanların əhəmiyyət verdiyi hicab məsələsini qorumaqla bağlı onlar ölkələrinin mənafelərini nəzərə alaraq, öz səslərini hökumətə necə və ən yaxşı şəkildə çatdıracaqlarını özləri müəyyənləşdirirlər", - deyə İran XİN sözçüsü bildirib.

Bəqayi əlavə edib:

"Ümid edirik ki, yaxşı münasibətlərimizin olduğu və iki ölkə arasında qardaşlıq və dostluq bağlarının izahata ehtiyac duymadığı bu ölkədə məsələ qarşılıqlı anlaşma, ortaq dəyərlərin nəzərə alınması və xalqın əsas hüquqlarına hörmət əsasında həllini tapacaq".

İran rəsmisinin açıqlamasında diqqətçəkən məqam onun dini dəyərlərə münasibət bildirərkən Azərbaycan xalqının iradəsini və ölkənin maraqlarını ön plana çıxarmasıdır.

Burada mühüm bir məsələni də xatırlatmaq lazımdır. Azərbaycanda hicaba ümumi qadağa tətbiq edilməyib. Müzakirə mövzusu yalnız ümumtəhsil müəssisələrində vahid məktəbli geyimi qaydalarının tətbiqidir. Bu iki anlayışın eyniləşdirilməsi məsələnin mahiyyətini təhrif edir.

İran XİN sözçüsünün açıqlaması Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bəzi nümayəndələrinin eyni mövzuya münasibəti fonunda xüsusilə diqqət çəkir.

Xatırladaq ki, AKP-nin parlament fraksiyasının rəhbər müavini Leyla Şahin Usta və Türkiyə Prezidentinin baş müşaviri Oktay Saral Azərbaycanın məktəbli geyimi ilə bağlı qərarını tənqid edən açıqlamalarla çıxış ediblər. Bu bəyanatlar Azərbaycanda narazılıq doğurub və ictimai-siyasi müzakirələrin daha da kəskinləşməsinə səbəb olub.

Halbuki İran rəsmisinin son açıqlaması göstərir ki, hətta dini baxımdan həssas məsələlərə də başqa dövlətin suverenliyinə və xalqının qərarvermə hüququna hörmət etməklə münasibət bildirmək mümkündür.

Maraqlıdır ki, dini idarəçilik modelinə malik İranın rəsmi nümayəndəsi məsələyə daha təmkinli diplomatik üslubda yanaşdığı halda, Azərbaycanın ən yaxın müttəfiqi olan Türkiyədə hakim partiyanın bəzi təmsilçilərinin açıqlamaları siyasi polemikaya səbəb olub.

Əslində, bu müqayisə üzərində düşünməyə dəyər.

Azərbaycan və Türkiyə arasındakı münasibətlər strateji müttəfiqlik və qardaşlıq prinsiplərinə əsaslanır. Lakin qardaşlıq bir ölkənin digərinin daxili qanunvericiliyinə dair qərarlarına müdaxilə etmək hüququ vermir. Əksinə, bu münasibətlər daha böyük məsuliyyət, qarşılıqlı hörmət və siyasi həssaslıq tələb edir.

Türkiyədəki bəzi siyasi şəxslər ilk gündən məsələyə daha təmkinli yanaşsaydılar, məktəbli forması ətrafında yaranmış fikir ayrılıqlarının bu səviyyədə siyasi polemikaya çevrilməsinin qarşısını almaq mümkün ola bilərdi.

Şübhəsiz ki, ayrı-ayrı siyasətçilərin bəyanatlarını bütövlükdə Türkiyə dövlətinin və ya türk xalqının mövqeyi kimi təqdim etmək düzgün deyil. Azərbaycan-Türkiyə qardaşlığı bir neçə siyasi açıqlamadan daha möhkəm təməllərə əsaslanır.

Bununla belə, mövcud vəziyyət diplomatiyada mühüm bir həqiqəti yenidən xatırladır: yalnız nə deyildiyi deyil, necə deyildiyi də böyük əhəmiyyət daşıyır.

İran XİN sözçüsünün açıqlaması göstərir ki, qonşu dövlətin həssas daxili məsələsinə münasibət bildirmək üçün sərt ritorikaya və siyasi təzyiq təsiri bağışlayan ifadələrə ehtiyac yoxdur.

Bəzən qarşılıqlı hörmət əsasında qurulan bir neçə diplomatik cümlə ən sərt siyasi bəyanatdan daha təsirli olur.

Bu baxımdan İran rəsmisinin seçdiyi üslub Türkiyədəki bəzi siyasətçilər üçün də diqqətəlayiq nümunə sayıla bilər. Xüsusilə söhbət qardaş və strateji müttəfiq ölkədən gedirsə, diplomatik məsuliyyət daha da böyük olmalıdır.


Sizin reklam burada
Sizin reklam burada