15 sentyabr 1918-cil tarixində Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Bakının bolşevik hərbi birləşmələri, yadelli işğalçılar və daşnak quldurlardan azad edilməsində böyük şücaətlər göstərib, onun tərkibində vuruşan yüzlərlə türk əsgəri şəhidlik zirvəsinə yüksəlib.
Nuru Paşa bir sərkərdə kimi bu misilsiz töhfənin əvəzində Bakı milyonçularından heç 10 ədəd 10-luq sikkə də (o dövrün tədavül vasitəsi idi) istəməyib. Türkiyə ilə Azərbaycanın dostluq və qardaşlığının şüarı olan “Bir millət iki dövlət” şüarı aprioridir. Bu, Nuru Paşanın sücaətindən gün kimi aydındır. Qədim Romadan gələn Veni, Vidi, Viсi (Gəldim, Gördüm, Qələbə çaldım) ifadəsini ötən əsrin əvvəllərində Nuru Paşa yaşatdı.
Mənim yaşımın 26 ili Qərbi Azərbaycana aiddir. Ermənilər bizə “türk” deyirdilər. Uydurduqları qondarma soyqırımın heyifini bizdən çıxırdılar. Hər il aprel ayının 14-də yaşlı nəsildən olanlar bizi evdən bayıra çıxmağa icazə verməzdilər. İnsanlarda soyqırım barədə məlumat olmadığına görə ermənilərin acığına özlərini “türk” adlandırıb müqavimət göstərirdilər. Və 1988-ci ildə ermənilər türkə qarşı formalaşdırdıqları ideologiya sayəsində bizlərə qarşı amansız vəhşiliklər törədərək dədə-baba torpaqlarımızdan qovdular.
Qovulan Qərbi Azərbaycanlılar mütəşəkkil şəkildə Qarabağda məskunlaşmaq istəyirdilər, lakin ermənipərəst Vəzirov buna imkan vermədi. Qarabağ münaqişəsi başladı. Rəhmətlik Əbülfəz Elçibəyin bir etirafı ən yeni tariximizə yazılıb. “Mən Türkiyəyə, İrana, Rusiyaya müraciət etdim ki, hərəsi 5-10 helikopter versin - Kəlbəcərdə qalan körpələri, qadınları, mülki əhalini atəşin altından çıxarmaq üçün. Heç kim vermədi. Heç bir dövlət vermədi. Nə Rusiya verdi, nə İran, nə də Türkiyə. Bunu humanitar bir addım kimi etmək olardı.”
Həmin illərdə Türkiyə İran və Rusiya ilə eyni mövqedə dayandı.
Azərbaycan xalqı erməni işğalçının və vəhşiliyinin əvəzini çıxmalı və torpaqlarımızı barbarlardan azad etməli idi. Və bu istəyi prezident İlham Əliev həyata keçirdı. Qardaş Türkiyənin dəstəyini alqışlayırıq, lakin bunun əvəzinin ödənilməsi imperativi qəbulolunmazdır. Əvəzi 100 qatına ödənilib. Və hazırda bizə qarşı aparılan çirkin informasiya müharibəsindən qorxmamalıyıq. Cəsarətli olmaq lazımdır. Həqiqət bizim tərəfimizdədir.
Qoca Ranke deyirdi: “Tarix keçmiş haqqında elmdir”. Yox! Tarix həm də indi haqqında elmdir. İndininin hər anını dəyərləndirmək üçün güclü ideologiyaya ehtiyac var. Təəssüflər olsun ki, bunun fəlsəfəsini yazanlar yoxdur...
Etibar ƏLİYEV