Niderlandın ən böyük bank qruplarından biri olan “ING Group” Azərbaycanda ÜDM artımının növbəti illərdə 2-3% diapazonunda qalacağını proqnozlaşdırır.
News365.az xəbər verir ki, bu barədə ING-nin hesabatında qeyd edilib. Bu il üçün iqtisadi artım 3%, 2026-cı ildə isə 2,5% səviyyəsində proqnozlaşdırılır.
Hesabata görə, istehlak yönlü sektorlarda əhvali-ruhiyyə müsbət olaraq qalır: “Bunun əsas səbəbləri real gəlir və məşğulluğun davamlı artımı, eləcə də pərakəndə kreditlərin sürətli genişlənməsidir. Hazırda daxili pərakəndə kreditlər ÜDM-in 14%-ni (qeyri-neft ÜDM-in 23%-ni) təşkil edir. Müqayisə üçün, 2022-ci ildə bu göstərici müvafiq olaraq 8% və 17% olub. Bununla belə, real ifadədə artım tempi 2024-cü ilin əvvəlindəki 23%-lik illik göstəricidən 15-16%-ə düşüb”.
“ING Group”un ekspertləri bildirirlər ki, 2024-cü ildə korporativ kreditləşmənin artım tempi əhəmiyyətli dərəcədə yavaşlayıb. Bu, bəzi korporativ seqmentlərdə daha ehtiyatlı davranışın əlaməti kimi qiymətləndirilir. Bununla belə, ÜDM-in 10%-i (qeyri-neft ÜDM-in 16%-i) səviyyəsində olan daxili korporativ kreditləşmə maliyyələşdirmənin əsas mənbəyi hesab edilmir və ümumi yavaşlamanın göstəricisi kimi də dəyərləndirilmir.
Hesabatda qeyd olunur ki, sənaye etimadı göstəriciləri neft sektorundakı zəifliyə baxmayaraq, güclü nəticələr göstərməyə davam edir. “Bu tendensiya, çox güman ki, Azərbaycanın fiskal siyasətinə dair nikbin gözləntiləri əks etdirir.”, - “ING Group” hesab edir