ABŞ-da fəaliyyət göstərən hospis tibb bacısı Cüli Makfadden insan həyatının son mərhələsində müşahidə olunan dəyişikliklər barədə danışaraq, ölümə yaxınlaşmanı göstərən əsas əlamətləri açıqlayıb. O bildirib ki, hospis xidməti sağalmaz xəstəliyi olan insanların həyatının son dövründə ağrıların azaldılması, fiziki rahatlıq, psixoloji və mənəvi dəstəyin təmin olunmasına yönəlmiş xüsusi tibbi yanaşmadır.
News365.az xəbər verir ki, Makfadden bu mövzu ilə bağlı fikirlərini “Hospicenursejulie” adlı YouTube kanalında paylaşıb. Onun sözlərinə görə, insan orqanizmi əvvəlcə yaşamaq üçün mübarizə aparır, bu mərhələ başa çatdıqdan sonra isə bədən təbii şəkildə həyatın sonuna hazırlaşmağa başlayır.
Tibb bacısı qeyd edib ki, bəzi insanların ölümə yaxın dövrdə artıq dünyasını dəyişmiş yaxınlarını gördüyünü deməsi bu prosesin başlanmasının mümkün göstəricilərindən biri hesab olunur. Bu hal hospis praktikasında tez-tez rast gəlinən müşahidələr sırasındadır.
Cüli Makfaddenin izahına əsasən, həyatın sonuna yaxın dövrdə aşağıdakı dəyişikliklər baş verə bilər:
Qida və maye qəbuluna ehtiyacın azalması
Fiziki aktivliyin əhəmiyyətli dərəcədə zəifləməsi
Daha uzun müddət yatmaq istəyi
Ağrı hissinin azalması
Zaman-zaman çaşqınlıq və istiqamət hissinin itməsi
Dünyasını dəyişmiş insanlardan danışmaq və ya onları gördüyünü demək
Nəfəs almanın ritmində dəyişikliklər
Dərinin rəngində solğunluq və ya fərqli tonlar
Bədən temperaturunun yüksəlməsi
Gözlərin donuq görünməsi və yaşarması
Uzun müddət bir nöqtəyə baxmaq
Artan həyəcan və daxili narahatlıq hissi
Makfadden vurğulayıb ki, bu əlamətlər hər insanda eyni formada və eyni ardıcıllıqla müşahidə olunmaya bilər, lakin hospis baxımında çalışan mütəxəssislər üçün mühüm göstəricilər hesab olunur.
News365.az