Hikmət Hacıyev Qriqoryanın cavabını verdi: “Tarixi səhvləri yenidən təkrarlamamaq üçün...” “Tarixi səhvləri yenidən təkrarlamamaq üçün...”

Hikmət Hacıyev Qriqoryanın cavabını verdi: “Tarixi səhvləri yenidən təkrarlamamaq üçün...”  “Tarixi səhvləri yenidən təkrarlamamaq üçün...”
26 İyn 2024 18:07

“Ermənistan Təhlükəsizlik Şurasının katibinin bu açıqlaması əvvəlki və indiki Ermənistan siyasi-hərbi rəhbərliyinin məğlubiyyətini ört-basdır etmək, günahı başqasının üzərinə yıxmaq və özünə bəraət qazanmaq cəhdindən başqa bir şey deyil”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Ermənistan Təhlükəsizlik Şurasının katibi Qarabağın Rusiya tərəfindən Azərbaycana verildiyini iddia edib. Bu, revanşizmin təzahürüdür, yoxsa bunu necə şərh edərdiniz?” sualına cavab verərkən bildirib.

O qeyd edib ki, Azərbaycan Ordusu döyüş meydanında öz sözünü deyərək, şəhid verərək Ermənistan ordusunu 44 günlük Vətən müharibəsində məğlub edib, mütləq hərbi qələbə qazanıb, Ermənistanın 30 il davam edən hərbi işğalına son qoyub və Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur edib:

“Ermənistan rəhbərliyi ordu sıralarında 10 min nəfərdən artıq fərarinin olduğunu özü etiraf edib. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində 23 saatdan az müddətdə Azərbaycan ərazisində qeyri-qanuni qalmaqda davam edən Ermənistan ordusunun qalıqları tərksilah edilib və Qarabağ tam azad edilib. Ümumən Ermənistan ordusunun 5 milyard ABŞ dollarından artıq dəyəri olan silah və sursatı məhv edilib və ya qənimət götürülüb.

Həm 44 günlük Vətən müharibəsi, həm də antiterror əməliyyatı bir çox dünya ölkələrinin hərbi akademiyalarında unikal hərbi əməliyyatlar olaraq öyrənilir.

Təəssüflə qeyd etmək istərdik ki, bu kimi açıqlamalar Ermənistanın siyasi-hərbi rəhbərliyinin təfəkküründə hələ də revanşizm xülyalarının qalmasının təzahürüdür. Ermənistanın siyasi-hərbi rəhbərliyində olan şəxslərə tarixi səhvləri yenidən təkrarlamamaq üçün revizionizm və revanşizm xülyalarından tamamilə əl çəkməyi, militarizasiya siyasətinə son qoymağı tövsiyə edirik”.


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər