Ermənistanın Qərb siyasəti: Bir addım irəli, iki addım geri -ŞƏRH

Ermənistanın Qərb siyasəti:  Bir addım irəli, iki addım geri -ŞƏRH
27 İyn 2024 09:52

Ermənistanın NATO dövlətləri ilə hərbi və hərbi-texniki əlaqələri daim artırmasına baxmayaraq, Paşinyanın partiyası NATO-ya üzv olmaq niyyətini rəsmən inkar edir.

Bununla belə Nikol Paşinyanın respublikanı KTMT-dən çıxarmağa hazır olması ilə bağlı bəyanatlarını nəzərə alsaq, bu perspektiv uzaq olsa da, getdikcə daha aydın görünür. İstənilən kiçik ölkə böyük oyunçuların təhlükəsizlik zəmanətinə ehtiyac duyur. Əgər Paşinyan Rusiyanı dəstəkləməkdən imtina edərsə, məntiqlidir ki, onu kiminsə əvəz etməsi lazımdır və Ermənistan hakimiyyətinin xarici siyasət vektorunu nəzərə alsaq, bu, birmənalı olaraq anti-Qərb İran deyil, Fransa, Aİ, ABŞ və NATO, bir sözlə Qərb olacaq.

Ermənistanın NATO-ya qoşulmasına nə mane olur?

Hələlik hakim “Mülki Müqavilə” partiyası NATO-ya üzv olmaq niyyətləri barədə susmağa üstünlük verir. Rusiyanı bir az da sakitləşdirməyə çalışan bəzi siyasətçilər bunu ümumiyyətlə inkar etmək qərarına gəliblər. “Mülki müqavilə” parlament fraksiyasının üzvü Aleksey Sandykov Ermənistanın NATO-ya daxil olmaq fikrində olmadığını və KTMT-dən çıxmağı planlaşdırmadığını bildirib. O qeyd edib ki, Ermənistanla NATO arasında əməkdaşlıq 1990-cı illərdən mövcuddur və dəyişdirilə bilməz, lakin respublikanın alyansa daxil olması heç vaxt gündəmdə olmayıb.

NATO-ya daxil olmaq niyyətini rədd etməyin mümkün səbəbləri daxili siyasi böhran və xarici şəraitdir. Qazax rayonunun 4 Azərbaycan kəndi Bakının nəzarətinə qaytarıldıqdan sonra müxalifət ayağa qalxıb. Bununla parallel ermənilər Qarabağ müharibəsindəki məğlubiyyətə görə hələ də Rusiyanı günahlandırır. Və buna görə də KTMT-dən çıxmaq mövzusu müəyyən mənada ortalıqda dolaşır. Ancaq, NATO-ya daxil olmaq ideyası hələ də çox radikaldır.

Nəzərə alaq ki,  Ermənistanın ticarət dövriyyəsi üçdə birindən çoxu Rusiyadan asılıdır. Ölkənin infrastrukturu, enerji təchizatı və istehsalı da böyük ölçüdə Rusiya şirkətlərinə bağlıdır. Ermənistan NATO-ya daxil olarsa,  Paşinyan hökumətinə Rusiya sanksiyalar tətbiq edə bilər. Bundan da Ermənistan böyük zərər görər.

Uzunmüddətli perspektivdə Ermənistanın NATO-ya yaxınlaşacağı göz qabağındadır. Paşinyan Avropa İttifaqına daxil olmaq niyyətindən açıq danışır. Tarix göstərir ki, Aİ və NATO-ya üzvlük demək olar ki, sinonimdir. Ermənistan artıq ABŞ-la birgə hərbi təlimlər keçirir və Avropanın müttəfiq ölkələrini sərhədlərini qorumağa dəvət edir. ABŞ və Avropa İttifaqı liderləri ilə əlaqə saxlanılır. Paşinyan və nazirləri siyasi bəyanatları ilə hətta Ukrayna məsələsində belə NATO ölkələrinə loyallıq nümayiş etdirirlər.

Buna baxmayaraq, Paşinyanın komandası birbaşa NATO-ya daxil olmaq barədə bəyanatlar verməyə tələsmir. Rusiyanın təzyiqlərini gücləndirməklə yanaşı, Azərbaycan və Türkiyə ilə bağlı problemlər də çəkindirici amildir. Paşinyan Bakı ilə münasibətləri tənzimləməli, sərhədlərin delimitasiyası (müxalifət buna mane olur) həyata keçirməli və sülh sazişi imzalamalıdır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi zərurətini nəzərə alsaq, proses sürətli olmayacaq. Türkiyə ilə bağlı vəziyyət də az əhəmiyyətli deyil: Ankara NATO üzvüdür və onun təsdiqi olmadan alyansa qoşulmaq mümkün deyil. Türkiyə Ermənistandan tarixi və ərazi iddialarından əl çəkməyi, həmçinin Azərbaycanla sülh müqaviləsi bağlamağı tələb edir.

İlhamə Qiyas, News365.az


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər