Peyğəmbərlər mütləq möcüzə göstərməlidir, deyə ilahi bir qayda yoxdur. Onlar sadəcə ilahi missiyalarını təbliğ etməklə görəvlidirlər. Bəzən özləri də sınağa çəkilib qınağa tuş gəliblər. Peyğəmbərlər tanrı yaxud tanrıçalar deyillər. Mələk də deyillər. (Bu, İslamın mövqeyidir. Digər səmavi dinlərin Peyğəmbər obrazına münasibətinə də tolerant və hörmətlə yanaşırıq.)
Onlar da Allahın kainat və
bəşəriyyət üçün tərtib və təqdir etdiyi nizama uyğun yaşayıb ölürlər. Təbii ki, elm və hikmət sahibi olduqları üçün təbliğatları zamanı adi insanlar üçün möcüzə sayılacaq hadisələr meydana gətirə bilirlər. Lakin bunu Allahın iradəsi və gücü sayəsində edirlər. Necə ki, Quranda deyilir:
"Biz Musaya: “Əsanla dənizə vur!”(– deyə) vəhy etdik. (Dəniz) dərhal yarıldı və hər biri nəhəng bir dağ kimi oldu." (Şuəra surəsi, 63)
Demək, istək və əmr Allahdandır, Peyğəmbər sadəcə icraçıdır, vəsilədir.
Həzrət Muhəmməd deyirdi ki, mənim ən böyük möcüzəm Qurandır. Hər dövrdə özünə görə inkişaf etmiş sahələr vardı. Həzrət Muhəmmədin dövründə şeir, söz, ecaz inkişaf etmişdi. Quranın, bütün ərəb ədəbiyyatını kölgədə qoyan bəlağəti, fəsahəti, xitabət tərzi ilə nazil olan surələri ərəbləri susdururdu. Musanın dövründə əsasən Babil və Misirdə sehrkarlıq inkişaf etmişdi deyə buna uyğun da möcüzələr meydana gəlirdi. Yaxud İsanın zamanında Romada tibb inkişaf etmişdi, insanlar bununla öyünürdü. Allah da İsanın əli ilə ölüləri diriltməklə əslində əsl təbibin kim olduğunu göstərirdi. Allah özü qoyduğu nizama müxalif iradə etmir, möcüzə yaradanda. Əslində bu bizim üçün möcüzədir və qeyri adidir. Və heç təbiət qanunlarına da zidd deyil. İndi izah edəcəyik. Bir də ki, yaradan iradə edərsə mahiyyətini özü xəlq etdiyi nizamın qaydalarından fövqdə də fərqli ecaz meydana gətirə bilər. Bu, Allah üçün qəbahət olmaz.
Çünki hamının bir qadın və bir kişidən doğulması gərəkən qanundan kənara çıxaraq İsanın özünü bioloji atasız dünyaya gətirən də Allahdır. İndi dənizimi yara bilməyəcək? Əlbəttə yaracaq. Necə? Gəlin anladaq.
Mütəxəssis alimlər tərəfindən aparılan elmi araşdırmalar nəticəsində məlum olub ki, qarşı-qarşıya gələn dalğalar, şərq küləkləri, gelgit dalğaları və sözdə “Rossby” dalğaları insanların dənizi piyada keçməsi üçün kifayət qədər böyük bir su axını yaratmış ola bilir.
İzahatlardan birində ehtimal edilir ki, Qırmızı dənizin Musa Peyğəmbərin önündə yarılmasına səbəb güclü və sabit bir küləyin onun əsdiyi istiqamətdə suyun yığa və digər ərazidə suyun səviyyəsini tam aşağı sala biləcəyi “külək sürüşməsi” adlanan bir fenomen ola bilər.
Tədqiqatçılar bildirir ki, suyun uzun müddət kənarda qalması üçün küləyin sürəti əhəmiyyətli dərəcədə güclü olmalıdır.
Məsələn, Cənubi Koreya Respublikasının ən böyük adalarından olan Jindo və ondan bir neçə kilometr aralıda yerləşən Modo adası arasında ildə iki dəfə “Musa möcüzəsi” adlandırılan heyrətamiz bir hadisə baş verir. İki ada arasında dəniz suyu çəkilərək insanların rahatlıqla keçə biləcəyi 2.8 km uzunluğunda və 40-60 metr enində bir dəhliz açılır. İnsanlar Jindo və Modo adalarını ayıran dənizin ortasında açılmış bu dəhlizdən istifadə edərək iki ada arasında rahatlıqla gedib-gələ bilirlər. Cəmi bir saat davam edən bu hadisəyə şahid olmaq üçün dünyanın bir çox yerindən yüz minlərlə turist adaya axın edir.
Demək, suyun bölünməsi heç təbiət qanunlarına da zidd deyilmiş. Mümkündür ki, Firon Ramzes dövründə elmin, astrofizika, astronomiya, fizikanın inkişafı sayəsində mütəxəssislər, kahinlər suyun yarılmasını müəyyən edə biliblər, Musanın qövmünü qovub dəniz ayrılan zaman ortasında boğmaq istəyiblər. Birbaşa qətlə yetirməkdən çəkiniblər, çünki Fironun kahinləri belə adamların öldürülməsinin bədbəxtlik gətirə biləcəyinə inanırdılar və eyni zamanda Musanın təbliğatı və başqa möcüzələri sayəsində həm sarayda həm də əhali arasında ona gizli iman edənlər vardı. Musa və qövmünün qətlə yetirilməsi Firon üçün qorxulu idi. Ona görə qovub "təbii" şəkildə onları batırmaq istəyirdilər. Şübhəsiz ki, Qırmızı dənizin də Koreyadakı adaların arasındakı suyun ayrılması kimi yarılmasının təbii olaraq baş verib - baş verməməsi elmi araşdırma mövzusudur. Mümkündür ki, müəyyən zamanlarda bu dayazlaşma indi də baş versin. Musa əsasını dənizə vurur, su ayrılır və qövmü keçir. Lakin Firon və qoşununun isə qərq olduğu Quranda qeyd olunur. Mümkündür ki, onların hesablamalarını boşa çıxaran Allah dərhal qaytarıb suyu birləşdirsin. Eyni zamanda təbii hadisə kimi də qəbul etsək, Fironun mütəxəssislərinin yanıldığını yaxud qoşunun suyu keçməkdə ləngidiyini deyə bilərik. Misir ehramlarının hansı layihə və texnologiya ilə tikildiyinin hələ tam müəyyən olunmadığına baxsaq həmin coğrafiyada, elə bir dövrdə suyun yarılmasının da adi hal olduğunu qəbul edə bilərik.
O ki, qaldı İsanın ölüləri diriltməsinə... Təbii ki, İslam inancına görə ölülərə canı yalnız Allah verir. Peyğəmbər Rəbbindən istəyə bilər, Allah da onun istəyinə müvafiq olaraq ölmüş canlıya yenidən can verə bilər. Bununla bağlı Quranda misallar var.
"(Yada sal) o zaman(ı) ki, İbrahim dedi: "Ey Rəbbim, ölüləri necə diriltməyini mənə göstər".
Dedi: "Məgər (Mənim qüdrətimə və ya axirət gününə) imanın yoxdur?" Dedi: "Əksinə (imanım var)! Lakin qəlbimin (gözlə görərək) rahatlıq tapması üçün (istədim)".
Dedi: "Belə isə, dörd (növ) quş götür, (cisimlərində olan əlamətləri dəqiq görə bilməyin üçün) onları özünə yaxınlaşdır və (onları) tikə-tikə doğra(yıb bir-birinə qat).
Sonra (bu ətrafdakı) hər dağın başına onlardan bir parça qoy. Daha sonra onları çağır, sürətlə sənin yanına gələcəklər. Bil ki, Allah yenilməz qüdrət və hikmət sahibidir". ("Bəqərə" 260).
Buradan aydın olur ki, yenə də dirildən, möcüzəni meydana gətirən Allah özüdür. Sadəcə Peyğəmbərinin əli ilə. Demək İsa da ölüləri Allahın izni ilə dirildə bilər və bu ilahi nizama da zidd deyil. Yəni, Allah bu müstəsna halın nümunələrini özü kitabında şərh edib.
O ki, qaldı elmi tərəfinə: İbn Sina və İbn Rüşd tiblə bağlı əsərlərində qeyd edirlər ki, infarkt, insult, damar tutulması kimi hallardan ölən adamları 72 saat dəfn etməyin. Onların ayağını isti suya salıb həcamat etsəniz mütləq diriləcəklər. Təbii ki, o dövr üçün kliniki ölüm anlayışı məhdud idi. Bu cür "ölümlər"dən nə qədər diri-diri dəfn edilənlər var, bir Allah bilir. Orta əsrlərdə Avropada yayılmış müxtəlif xəstəliklər səbəbi ilə çoxsaylı ölüm hallarının çoxunda epidemiya yayılmasın deyə dərhal dəfn edirdilər. Lakin əksəriyyəti qəbirdə ayılıb dirilirdi. Hətta bundan çıxış yolu üçün ölünün biləyinə ip bağlayıb bir ucunu da qəbirdən çöldə zınqırova bağlayırdılar. Bir nəfər də bir neçə gün qəbrin yanında keşik çəkirdi, zəng səsi gələn kimi qəbri qazıb "ölünü" çıxarırdılar.
Mümkündür ki, İsa zamanında da kliniki ölüm keçirmiş bir neçə şəxsi müxtəlif üsullarla Peyğəmbər həyata qaytarsın. Yəni, ilahi möcüzəyə biz inanırıq. Bunu, sadəcə elmi cəhətdən mümkün olması baxımından izah edirəm.
Ona görə Peyğəmbərlərin dövründə bu cür fövqəladə hadisə sayılan olaylar meydana gətirilirdi, çünki buna bəzən ehtiyac yaranırdı. Yaxud tələblər bunu zəruri edirdi.
Peyğəmbərlərə Allah tərəfindən elm və hikmət verilir. Onlar bu elmin sayəsində özləri də müəyyən qeyri-adi işlər görə bilirlər. Bu gün əgər yoqa ilə məşğul olan Tibet, Hindistan, Çin rahibləri havada dura bilir, uzun müddət xəyala dalaraq yarı ölüm vəziyyətində qala bilirlərsə Peyğəmbər nə üçün buna oxşar işlər meydana gətirə bilməsin? Düzdür, peyğəmbərləri ilahiləşdirmək olmaz. Lakin adiləşdirmək də olmaz. Onları təmiz savadsız, elmsiz, yalnız Allahdan vəhy gözləyən aciz obrazda təqdim etmək yanlışdır. Çünki onların vəhy missiyasından əvvəlki həyatları dövrlərinin ən zəki, ən ağıllı, ən əxlaqlı və seçilən şəxsləri olduğunu sübut edir.
Ona görə də o dövrün adamı üçün möcüzə sayılan, indiki dövr üçün bəlkə də adi hesab olunan işlərin onların əli ilə meydana gətirilməsinə şübhə ilə yanaşmaq doğru deyil.
Tural İrfan, tədqiqatçı