"Azərbaycan-Çin əməkdaşlığı yeni mərhələyə keçir"- Xalid Kərimlidən açıqlama

"Azərbaycan-Çin əməkdaşlığı yeni mərhələyə keçir"- Xalid Kərimlidən açıqlama
17 Apr 2025 14:35

"Azərbaycan Çinlə əməkdaşlığın daha da genişlənməsində maraqlıdır"

İqtisadçı Xalid Kərimli bu sözləri News365.az-a deyib. 

"Azərbaycanla Çin arasında iqtisadi-ticari əlaqələr mövcuddur və bu əlaqələr strateji tərəfdaşlıq haqqında sənədlərlə də rəsmiləşdirilib. Azərbaycan öz gələcək inkişaf istiqamətlərindən biri kimi Çinlə əməkdaşlığın genişləndirilməsini görür. Hətta ölkəmiz bəyan edib ki, BRICS ölkələri və bu qurumun özü Azərbaycanın qoşulmaq istədiyi platformalardan biridir. Bu baxımdan Çinlə əlaqələrin inkişafı hər iki ölkənin qarşılıqlı maraqlarına əsaslanır.

Hazırda Çinlə Azərbaycan arasındakı ticarət dövriyyəsi ümumi xarici ticarətimizin təxminən 8-15%-ni təşkil edir. Çin, Azərbaycan idxalında əsas rollardan birini oynayır və Rusiya və Türkiyə ilə yanaşı ilk üçlükdə qərarlaşır. İndiki mərhələdə Azərbaycan idxalının 18%-i məhz Çindən gətirilən məhsulların payına düşür.

Təbii ki, Azərbaycan Çinlə əməkdaşlığın daha da genişlənməsində maraqlıdır. Çünki Çin faktiki olaraq dünyanın ikinci ən böyük iqtisadiyyatıdır və istehsal baxımından isə birinci yerdədir. Dünyada istehsalın 25%-i məhz Çində formalaşır. Çin texnoloji, maliyyə və istehsal sahəsində geniş imkanlara malikdir. Azərbaycan isə Çin şirkətlərinin və investorlarının ölkəmizə investisiya yatırmasında xüsusi maraq göstərir.

Bundan əlavə, Çin həm də çox böyük bir turizm bazarıdır. Azərbaycan Çin turistlərinin ölkəmizə cəlb olunmasını da prioritet məsələ hesab edir. Çinin iqtisadi böyüməsi eyni zamanda əhalisinin varlanması deməkdir və bu da potensial olaraq yüksəkxərcli turizm axınının formalaşmasına şərait yaradır.

Azərbaycan Çinlə əməkdaşlığın bütün sahələrdə inkişaf etdirilməsində maraqlıdır. Çinin hazırkı iqtisadi strukturu inkişaf etmiş modelə əsaslanır: yüksək texnologiyalara əsaslanan, keyfiyyətli texnika və avadanlıqların istehsal edildiyi, rəqabətqabiliyyətli məhsullar təqdim edən bir iqtisadiyyatdır. Azərbaycan bu imkanlardan yararlanmaq, Çinin birbaşa xarici investisiyalarını ölkəmizə cəlb etmək, Çin turizm bazarından faydalanmaq və qeyri-neft sektorunu bu bazarda möhkəmləndirmək niyyətindədir.

Eyni zamanda, Çinlə münasibətlərdə ən böyük üstünlüklərdən biri də tranzit imkanlarıdır. Çin istehsal etdiyi məhsulları əsasən Avropa bazarına yönəldir. Bu konteksdə Azərbaycanın əlverişli tranzit mövqeyi, xüsusilə də Rusiya-Ukrayna müharibəsindən sonra Orta Dəhlizin strateji əhəmiyyətinin artması fonunda daha da ön plana çıxır.

“Bir Kəmər, Bir Yol” təşəbbüsü Çinin dəstəklədiyi mühüm layihələrdəndir və bu təşəbbüsdə Azərbaycanın mühüm rolu var. Bu həm nəqliyyat infrastrukturunun inkişafı, həm də ixrac imkanlarımızın genişlənməsi baxımından əhəmiyyətlidir. Xüsusilə qeyri-neft sektorunun Çin bazarına çıxarılması, Çin investisiyalarının ölkəmizə yönləndirilməsi və turizm sahəsində əməkdaşlığın gücləndirilməsi Azərbaycanın maraqlarına tam cavab verir.

Nəhayət, qeyd etmək lazımdır ki, Çin Qərb ölkələrindən fərqli olaraq, dövlətlərin daxili işlərinə qarışmamaq prinsipini əsas götürür və bu prinsipə əməl etməsi, Azərbaycanın bu ölkə ilə əməkdaşlığında əlavə üstünlük yaradır."


Sizin reklam burada
Sizin reklam burada