Hədislərin hamısını şübhə altına almaq və inkar etmək doğru deyil. Doğrudur, zaman-zaman çoxsaylı saxtakarlar hədislər uydurub, təhriflər edilib, amma bu əsas vermir ki, bütün hədislərdən uzaq duraq. Necə deyərlər "bitə görə köynəyi yandırmazlar".
Quranın özü də hədislər vasitəsilə gəlib çatıb. İslam tarixinin özü də hədis metodu ilə rəvayət üsulu ilə yazılıb. Hədisləri tamamilə inkar etmək tədricən Peyğəmbəri inkar etməyə aparan
yoldur.
Məsələ bu cür qoyulmamalıdır ki, hədislər Qurana lazımdır ya yox. Quran yaxud ümumiyyətlə İslam hədislərə möhtacdır yoxsa yox. Hədislər Quranın, İslamın Peyğəmbər vasitəsi ilə şərhidir, istiqamət mayakıdır. (Söhbət həqiqi, sağlam hədislərdən gedir.)
Əgər biz sağlam hədisi uydurmadan seçə bilmiriksə uctandutma hamısını kənara qoymaq nə ağıla, nə məntiqə nə də Quranın vəhy məntiqinə uyğundur.
Misal olaraq təsəvvür edək ki, Quran bir konstitusiya kitabıdır. Hədislərdən meydana gələn ənənələr, ayinlər, qaydalar da bu zaman ondan qaynaqlanan məcəllələr misalında olacaq. Yox əgər biz hədisləri kənara qoyub öz ağlımızdan şərhlər, izahlar verərək "məcəllələr" yazası olsaq onda milyonlarla fərqli fikir ortaya çıxacaq. Hərə öz ağlına, savad dərəcəsinə, məlumat miqyasına görə şərh verəcək və nəticədə saxta hədislərin parçaladağından daha çox bölünəcək din.
Hədisləri rədd etmək Peyğəmbərin tarixi şəxsiyyət olmasını belə şübhə altına almağa gətirib çıxara bilər. Yenə təkrar edirəm ki, İslam tarixinin özü də hədis rəvayət zənciri ilə nəql edilib. Tarixi rədd etmək isə İslamın qurucularını, Peyğəmbər və səhabələri, onların həyatını, fəaliyyətini inkar etməkdir.
Quran hədislərə möhtac deyil. Qaranlıq məqamları aydınlatmaq üçün insanlar hədislərə möhtacdır. Əgər Peyğəmbər zamanında yaşasaydıq, yaxud səhabələrin əksəriyyətinin sağ olduğu dövrdə olsaydıq bəli, hədislərə bəlkə ehtiyac qalmazdı. Çünki insanların feilləri hədislərdən öyrənə biləcəyimiz nümunəni ortaya qoyacaqdı.
Digər tərəfdən isə hədislər külliyatı İslamın irsidir. Əsrlərdən bəri bu irs gəlib çatıb. Quranın başçılığı, bu hədislərin də köməyi, vasitəsi, qatqısı ilə İslam hüquq sistemi qurulub, hökmlər, əmrlər, ibadətlər, cərimə və cəzalar müəyyənləşib. İndi bütün hədisləri rədd etmək bütün bu sistemi alt-üst etmək deməkdir.
Orta əsrlərdən bəri Qurana yazılmış şərhlər, təfsirlər də hədislər vasitəsilə meydana gəlib. Surələrin, ayələrin həqiqi mənalarının açılması, düz izah edilməsi üçün ağılla yanaşı istiqamət üçün Peyğəmbər hədislərinə ehtiyac olub.
Əgər kimsə Nizaminin Xəmsəsinə şərh yazırsa bu o demək deyil ki, Nizami Xəmsəni yaxşı yazmayıb, yaxud hər şeyi izah etməyib. Ona görə məsələni elə qoymaq olmaz ki, İslam hüququnda, təfsirlərdə, tarixi mənbələrdə hədislərdən istifadə olunubsa Quran hədislərə möhtacdır. Bu, möhtaclıq deyil, vasitədir. Quranda Allahın "Alim" və "Görən, Eşidən" xususiyyətlərindən bəhs olunur. Halbuki "alim" (hər şeyi bilən) sifəti eşitmək və görməyə ehtiyac qoymur. Əgər biri divarın o üzündə nə baş verdiyini tam bilirsə, gedib gözü ilə baxmasına nə ehtiyac var? Xüsusən Allah üçün... Allah Alim olduğu halda onun eşitməyə və görməyə ehtiyacımı var? Əlbəttə xeyr! Demək Quranda da hər şeyin bəyan olunduğunun deyilməsi bu mənadadır.
Hədislərin saf-çürük edilməsi, Qurana uyğun olan və olmayan, məzhəblərin bir - birinə zidd hədis kitabları ortaya qoyması, uydurma ilə sağlam hədisləri ayırd etmək üçün metodların fərqliliyi başqa mövzudur. Ancaq hazırda mövzu budur ki, sağlam hədisləri rədd etmək əsla yolverilməzdir və bu tamamilə absurddur.
Bu saat millətlər, qövmlər var ki, arxeoloji qazıntılarla, arxivlərdə ömür çürütməklə tarixlərinə aid bircə vərəq kağız, bircə kəlmə söz axtarışındadırlar. Biz isə duraq 1300-1400 illik Peyğəmbər irsini rədd edək? Bu, bir növü beş on cahil adamın gedib pirə daş yapışdırmasına görə vəhhabilərin bütün dini və tarixi abidələri yıxmaq niyyətinə bənzəyir.
Peyğəmbərsiz İslam mümkün deyil. Hədissiz də Peyğəmbər olmaz!