“Hakimiyyətdən ədalətli qərar gözləyirik” - Hökumənin atası danışdı

“Hakimiyyətdən ədalətli qərar gözləyirik” - Hökumənin atası danışdı
10:50

Ötən gün Tacikistanın paytaxtı Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında təkbətək görüş keçirilib. Qeyd edək ki, iki lider arasında sonuncu görüş bir il əvvəl baş tutub və qəzadan sonra münasibətlərdə gərginlik yaranmışdı.

Görüşdə bir sıra regional və ikitərəfli məsələlər müzakirə olunsa da, diqqət mərkəzində olan əsas mövzu ötən ilin dekabrında baş vermiş AZAL təyyarə qəzası idi.

Hadisədən sonra Putin İlham Əliyevə zəng edərək hadisənin Rusiyanın hava məkanında baş verməsinə görə üzrxahlıq etmişdi. O, ötəngünkü görüşdə bu üzrxahlığı bir daha xatırladıb, cinayətkarların cəzalandırılacağını və kompensasiya veriləcəyini bildirib.

Qəzada həlak olan Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın atası Cəlal Alıyev bildirib ki, qızını itirməyin ağrısı hələ də soyumayıb.

O, hadisədən on ay keçməsinə baxmayaraq, ədalətin bərqərar olmasını gözlədiklərini deyib: "Mənim istəyim odur ki, cinayət saxlanlsın və cəzalandırılsın. Putin geciksə də, gözləyirik ki, cinayətkarlar yüksək səviyyədə cəzalandırılsın, bəlkə, biraz təskinlik olar. Ayrı bizə nə lazımdır ki?!"

Cəlal Alıyev Prezident İlham Əliyevə hadisəni rəsmi şəkildə gündəmə gətirdiyi üçün təşəkkür edib.

"Cənab Prezident Putinlə görüşdü, məsələni gündəmə gətirdi. Sağ olsun cənab Prezident, biz ona daim təşəkkür edirik", - o qeyd edib.

Xatırladaq ki, faciə 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qeydə alınıb. AZAL-a məxsus sərnişin təyyarəsi Rusiya hava məkanında texniki və fiziki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb, göyərtədə olan 67 nəfərdən 38-i həlak olmuş, 29 nəfər isə xilas olmuşdu.


Sizin reklam burada
Sizin reklam burada