Bu günlərdə İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədi
İrəvan xanı Hüseynəli xanın dövründə inşa edilmiş, Azərbaycanın tarixi-mədəni
irsinə aid Göy məsciddə erməni əsilli məşhur bəstəkar və dirijor Loris
Çknavoryanı mükafatlandırıb.
Bu barədə Ermənistan mediası və İranın Ermənistandakı səfirliyi
məlumat yayıb.
Mərasimdə İranın məşhur şairi Əbülqasım Firdovsinin “Şahnamə”
əsərinin erməni dilinə tərcüməsi təqdim olunub. Tədbir Göy məscidin ərazisində
yerləşən İran Mədəniyyət Mərkəzində təşkil edilib.
Əsərin erməni dilinə tərcüməsini Gevorq Asatryan hazırlayıb,
Qarnik Asatryan isə redaktə və giriş mətninin müəllifi olub. Tərcümə üzərində
iş 2021-ci ildə başlayıb və 2024-cü ilin sonunda tamamlanıb.
Mərasim zamanı İranın vitse-prezidenti Loris Çknavoryana İran
hökumətinin fəxri fərmanını şəxsən təqdim edib. Bəstəkar uzunillik yaradıcılıq
fəaliyyəti və İranla Ermənistan arasında mədəni əlaqələrin inkişafına verdiyi
töhfələrə görə mükafatlandırılıb.
Çknavoryan Firdovsinin “Şahnamə” əsəri əsasında “Rüstəm və
Söhrab” operasını və eyniadlı simfonik süitanı bəstələyib.
Diqqətçəkən məqam tədbirin məhz Azərbaycanın tarixi-mədəni
irsinə aid Göy məsciddə keçirilməsidir.
Hüseynəli xan məscidi kimi də tanınan bu tarixi Azərbaycan
abidəsi XVIII əsrdə, İrəvan xanı Hüseynəli xanın hakimiyyəti dövründə inşa
edilib. İrəvan şəhərinin rəsmi turizm məlumatlarında da məscidin 1766-cı ildə
Hüseynəli xan tərəfindən tikdirildiyi qeyd olunur.
Təxminən 7 min kvadratmetr ərazini əhatə edən məscid kompleksi
ibadət zallarından, daxili həyətdən, hücrələrdən və minarədən ibarətdir.
Bir daha qeyd edirik ki, Göy məscid Azərbaycan xalqının tarixi,
dini və mədəni irsinin ayrılmaz hissəsidir. İrəvan xanlığının memarlıq yadigarı
olan bu məscid şəhərin Azərbaycan dövrünə aid mühüm tarixi abidələrindən
biridir.
Erməni-fars izdivacının əsl
mahiyyəti
İrəvandakı Göy məscid ətrafında
baş verən son hadisələr İranın Cənubi Qafqaz siyasətindəki ziddiyyətləri bir
daha gündəmə gətirir. Azərbaycan xalqının tarixi-mədəni irsinin mühüm
nümunələrindən biri olan bu məscidin erməni bəstəkar Loris Çknavoryanın adı ilə
əlaqələndirilməsi və İran rəsmilərinin bu prosesdə iştirakı ciddi suallar
doğurur. Daha təəccüblüsü isə özünü müsəlman dünyasının müdafiəçisi kimi təqdim
edən İranın Azərbaycan xalqının tarixi irsinə münasibətdə nümayiş etdirdiyi
mövqedir.
Göy məscid sadəcə memarlıq
abidəsi deyil. O, İrəvanın tarixi simasının, burada əsrlər boyu formalaşmış
Azərbaycan mədəni mühitinin canlı yadigarıdır. XVIII əsrdə İrəvan xanı
Hüseynəli xanın hakimiyyəti dövründə inşa edilmiş bu möhtəşəm dini kompleks
Azərbaycan tarixinin ayrılmaz səhifəsidir.
Bu gün əsas narahatlıq doğuran
məsələ də məhz budur ki, Azərbaycan məxsus tarixi abidə niyə erməni-fars
təxribattlarının məkanına çevrilib?
İranın vitse-prezidentinin Göy
məsciddə ermənilərlə görüş keçirməsi və üstəlik məsciddəki otaqlardan birinə
erməni şairin adının verilməsi bir təsadüf deyil. Bu Molla-fars rejiminin
riyakar və xəyanətkar planlarının görünən hissəsidir.
Çünki məscid müsəlmanların
ibadət yeridir. Bura siyasi müzakirələr yeri deyil. İran hakimiyyəti erməni
mədəniyyət adamları ilə həm İrəvanda, həm də Tehranda görüş keçirtmək üçün çox
yer seçə bilərdi. Lap elə Xomeyninin movzeliyində də bu görüş təşkil oluna
bilərdi.
Amma erməni-fars cütlüyü görüş
üçün ən münasib yer kimi Göy məscidi seçiblər.
Bu da təsadüfi deyil. Çünki bu
seçimlə erməni-fars ittifaqı Azərbaycan xalqının heysiyyatıyla oynmamaq
istəyib. Və buna da müəyyən mənada nail olub.
Amma İran tərəfi bir məqamı
gözdən qaçırıb. Rəsmi Tehran bu addımı ilə İslam dəyərlərini ayaqlar atdığını
diqqətə almayaıb.
Kim bilir, molla-fars rejimi ola
bilsin ki, məscidi siyasi izdivac yerinə qəsdən çevirib. Bununla da İslam
dəyərlərinin rejim üçün heç bir məna kəsb etmədiyini açıq şəkildə göstərib.
Məsələnin daha ciddi tərəfi isə
İranın bu abidə ilə bağlı mövqeyidir. Noyabrın 5-də İranın Ermənistandakı
səfiri Xəlil Şirqolami Göy məscidin erməni-İran ortaq mədəni irsi olduğunu
bildirərək, onun erməni-İran məscidi olduğunu və belə də qalacağını bəyan edib.
Bu açıqlama təsadüfi diplomatik ifadə kimi qiymətləndirilə bilməz. Çünki söhbət
tarixi mənsubiyyət məsələsində konkret siyasi mövqe nümayiş etdirilməsindən
gedir.
Digər tərəfdən, İranın
vitse-prezidenti Seyid Həmid Purməhəmmədinin Göy məscidin ərazisində yerləşən
İran Mədəniyyət Mərkəzində erməni bəstəkar və dirijor Loris Çknavoryanı
mükafatlandırması da diqqətdən kənarda qalmamalıdır. Mərasimdə Firdovsinin
«Şahnamə» əsərinin erməni dilinə tərcüməsi təqdim olunub. Burada mühüm məqam
odur ki, İran rəsmisi erməni bəstəkarını məhz həmin tarixi məscid kompleksinin
ərazisində keçirilən tədbirdə təltif edib. Bu hadisə məscidin erməni-İran
mədəni yaxınlığının nümayiş meydanına çevrilməsi ilə bağlı haqlı suallar
yaradır.
İranın belə davranışı ilk dəfə
deyil. Tehran uzun müddətdir Göy məscidi İran mədəni irsinin nümunəsi kimi
təqdim edir. Halbuki məscidin Hüseynəli xan tərəfindən inşa etdirilməsi onun
tarixi mənşəyinin müəyyənləşdirilməsində mühüm faktdır. 1990-cı illərdə İranın
məscidin bərpasında iştirak etməsi də Tehrana abidənin tarixi kimliyini öz
siyasi maraqlarına uyğun müəyyənləşdirmək hüququ vermir. Bərpa etmək başqa,
sahiblik iddiası irəli sürmək tamam başqa məsələdir.
Əlbəttə, İranın Ermənistanla
mədəni əlaqələr qurmasına kimsə mane olmur. İran və Ermənistan arasında ədəbi,
musiqi və humanitar əməkdaşlıq onların öz seçimidir. Lakin bu əməkdaşlığın
Azərbaycan xalqının tarixi irsi ilə bağlı həssas məsələlər üzərindən nümayiş
etdirilməsi qəbuledilməzdir. Mədəniyyət diplomatiyası tarixi həqiqətləri
dəyişdirmək vasitəsinə çevrilməməlidir.
Xüsusilə İranın özünü İslam
dünyasının müdafiəçisi kimi təqdim etdiyi bir şəraitdə müsəlman xalqın
tarixi-dini abidəsinin mənsubiyyətinə münasibətdə belə mövqe nümayiş etdirməsi
ciddi suallar doğurur. Bir tərəfdən İslam həmrəyliyindən danışmaq, digər
tərəfdən Azərbaycan xalqının tarixi irsinin fərqli siyasi təqdimatına dəstək
vermək hansı mənəvi prinsiplərlə uzlaşır?
İran yaxşı bilməlidir ki,
Azərbaycan xalqının tarixi yaddaşı heç bir diplomatik jestlə, heç bir
mükafatlandırma mərasimi ilə silinə bilməz. Göy məscid Azərbaycan xalqının
İrəvandakı tarixi varlığının mühüm nişanələrindən biridir. Onun taleyi siyasi
yaxınlaşmaların, diplomatik sövdələşmələrin və ideoloji maraqların predmetinə
çevrilməməlidir.
Tarixi həqiqətə hörmət sərhəd
tanımır! Bu gün Göy məscidin ətrafında baş verənlər bir daha göstərir ki,
Azərbaycan öz mədəni irsinin qorunması məsələsində prinsipial, ardıcıl və
qətiyyətli mövqe tutmalıdır. Tarixi abidələr yalnız daşdan, kərpicdən,
günbəzdən ibarət deyil. Onlar xalqın yaddaşı, kimliyi və keçmişdən gələcəyə
uzanan mənəvi körpüsüdür. Bu körpünün üzərindən başqalarının siyasi maraqlarını
keçirməyə heç kimin haqqı yoxdur.
News365.az