Azərbaycanda Dövlət Bayrağı Günüdür

Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:09

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür.


News365.az xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir.


Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşları üçün müqəddəs dövlət rəmzlərindən birinə çevrilib.


Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yadigarı olan bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.


Azərbaycanın dövlət bayrağı 1918-ci il noyabrın 9-da Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də o zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilib.


1991-ci il fevralın 5-də Azərbaycanın Ali Soveti "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" qanun qəbul edərək onu dövlət bayrağı elan edib. 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı ilə Azərbaycan Respublikası AXC-nin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa edib.


2004-cü il iyunun 8-də "Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında" Qanun ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib. Sərəncama əsasən, Dövlət Bayrağı Azərbaycanın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.


2009-cu ilin noyabrında Əmək Məcəlləsinə Dövlət Bayrağı Günü ilə bağlı edilmiş əlavəyə əsasən, 9 noyabr - Dövlət Bayrağı Günü ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.


Sizin reklam burada
Sizin reklam burada