Dövlət Sərhəd Xidmətinin (DSX) “N” saylı hərbi hissəsinə Döyüş Bayrağının təqdim edilməsi münasibətilə təntənəli mərasim keçirilib.
News365.az xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mərasimdə çıxış edənlər Döyüş Bayrağının təqdim edilməsinin tarixi Zəfərin 6-cı ildönümünə təsadüf etməsinin rəmzi məna daşıdığını vurğulayıblar. Bildirilib ki, bu hadisə hərbi hissənin şəxsi heyəti üçün böyük şərəf olmaqla yanaşı, üzərlərinə düşən məsuliyyəti də artırır.
Çıxışlarda 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən, dövlətimizin hərbi qüdrətindən və sərhədçilərin döyüş əməliyyatlarında göstərdikləri qəhrəmanlıqdan bəhs olunub. Qeyd edilib ki, Azərbaycan sərhədçiləri torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan əməliyyatlarda yüksək peşəkarlıq və fədakarlıq nümayiş etdirərək Zəfərə mühüm töhfə veriblər.
Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev çıxışında hərbi qulluqçuların qarşısında duran əsas vəzifələrə toxunub. O, dövlət sərhədlərinin etibarlı mühafizəsi və müdafiəsi, ölkənin təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirlərin davam etdirildiyini bildirib. Həmçinin şəxsi heyətin döyüş hazırlığının, peşəkarlığının və hərbi intizamının daim yüksək səviyyədə saxlanılmasının vacibliyini vurğulayıb.
Daha sonra general-polkovnik Elçin Quliyev hərbi şərəf, qəhrəmanlıq, əsgəri ləyaqət və Vətənə sədaqətin rəmzi olan Döyüş Bayrağını hərbi hissənin rəhbərliyinə təqdim edib.
Tədbirin sonunda Şanlı Zəfərin 6-cı ildönümü münasibətilə hərbi hissənin ərazisində DSX rəhbərliyinin və şəxsi heyətin iştirakı ilə 15 min ağac əkilib.