İzmirdəki partlayış: 17 nəfər ölüb, 6 nəfər saxlanılıb - YENİLƏNİB 2

İzmirdəki partlayış: 17 nəfər ölüb, 6 nəfər saxlanılıb - YENİLƏNİB 2
09:20

Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ dəmir-polad zavodunda partlayış nəticəsində 17 nəfər həyatını itirib.

News365.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, hadisə müəssisədə planlı təmir işləri zamanı baş verib.

İlkin məlumata görə, tavan kranının qırılaraq elektrik qövs sobasının üzərinə düşməsi nəticəsində təbii qaz xətti zədələnib. Ardınca güclü partlayış və yanğın baş verib, zavodun bəzi hissələrində çökmələr olub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əvvəlcə hadisə nəticəsində 16 nəfərin öldüyünü, ikisi ağır olmaqla 13 nəfərin yaralandığını açıqlayıb. Daha sonra ağır yaralılardan birinin xəstəxanada vəfat etməsi ilə ölənlərin sayı 17-yə çatıb.

Hadisə ilə bağlı aparılan istintaq çərçivəsində 6 nəfər saxlanılıb. Ədliyyə naziri Akın Gürlek araşdırmaya dörd prokurorun cəlb edildiyini bildirib.

Əmək və sosial müdafiə naziri Vedat Işıkhan, energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, səhiyyə naziri Kemal Memişoğlu hadisə yerində olublar.

Bayraktar qəzanın iki həftədən bir keçirilən texniki xidmət zamanı kranın çökməsi nəticəsində baş verdiyini deyib. O, hadisənin bütün tərəflərinin araşdırılacağını və səhlənkarlığa yol verən şəxslərin məsuliyyətə cəlb olunacağını vurğulayıb.

Aliağa məhkəməsi istintaq başa çatanadək hadisə ilə bağlı xəbər, müsahibə, tənqid və şərhlərin yayımına qadağa qoyub.

22:18

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi mətbuat konfransında İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda baş verən partlayışla bağlı açıqlama verib.

Bu barədə News365.az "Haber Global"a istinadən xəbər verir.

O bildirib ki, hadisə nəticəsində 16 nəfər həyatını itirib, 2-si ağır olmaqla 13 nəfər yaralanıb.

Ərdoğan həlak olan işçilərin ailələrinə başsağlığı verib, yaralananlara şəfa diləyib.

Prezidentin sözlərinə görə, partlayışla bağlı məhkəmə və inzibati araşdırmalara başlanılıb. Hadisənin hansı səbəbdən baş verdiyi və kimlərin məsuliyyət daşıdığı müəyyən ediləcək.

O, həmçinin hadisədən dərhal sonra energetika və daxili işlər nazirlərinin tapşırığı əsasında hadisə yerinə göndərildiyini bildirib.

***

17:57

Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda partlayışda ölənlərin sayı 10-a çatıb.

Modern.az xəbər verir ki, bu barədə İzmir Valiliyi məlumat yayıb.

Hadisə nəticəsinə 10 nəfərin yaralandığı, 8 nəfərin isə dağıntılar altında qaldığı bildirilir.

Baş vermiş partlayışla əlaqədar cinayət işi açılıb.

***

15:18

İzmirdə fabrikdə baş verən partlayış nəticəsində 3 nəfər ölüb.

News365.az xəbər verir ki, bu barədə İzmir Valiliyinin açıqlamasında bildirilib.

Məlumata görə, partlayışda 14 nəfər yaralanıb. Dağıntılar altında qaldığı ehtimal edilən 10 nəfərin axtarışları davam etdirilir.


Sizin reklam burada
Sizin reklam burada