İlahiyyatçı Tural İrfan: Fitrə miqdarı fərqli ola bilər, vahid məbləğ elan etmək düzgün deyil
İlahiyyatçı Tural İrfan fitrə zəkatının miqdarı ilə bağlı yayılan bəzi yanlış fikirlərə aydınlıq gətirib. O bildirib ki, oruc tutan və ya tutmayan hər bir müsəlman ailə üzvləri üçün fitrə zəkatı verməlidir. Fitrə üçün müəyyən olunan miqdar ailədəki hər bir şəxs üçün yarım sa’ (təxminən 1500 qram) arpa, buğda, qarabaşaq, xurma, kişmiş, lobya, pendir və s. ərzaq məhsullarından ibarət olmalıdır.
Tural İrfan fitrənin bayram namazına qədər verilməsinin daha məqbul olduğunu vurğulayıb. Bununla yanaşı, fitrənin bayramdan 2-3 gün əvvəl də verilə biləcəyini, səfər və ya xəstəlik kimi üzrlü səbəblərə görə gecikənlərin isə bayram namazından sonra da bunu ödəyə biləcəyini bildirib.
İlahiyyatçı qeyd edib ki, adam başına guya 3 kq fitrə verilməli olduğu iddiası yanlış təbliğatdır. Onun sözlərinə görə, imkanlı şəxslər daha artıq miqdarda fitrə verə bilər, çünki minimum miqdar yarım sa’dır və bundan artıq vermək müstəhəb sayılır.
Tural İrfan fitrə üçün standart məbləğin müəyyən edilməsinin İslam qaydalarına uyğun olmadığını da vurğulayıb:
"Elə ailə var ki, arpa dəyərində fitrə verməyə gücü çatır, eləsi də var ki, xurma ilə ödəyə bilər. Odur ki, maddi durum nəzərə alınmadan ümumi vahid məbləğin açıqlanması şəriətə müxalifdir. Peyğəmbər (ona və əhlinə salam olsun) fitrə məhsullarını ucuzdan bahalıya doğru sıralayaraq, hər kəsin öz imkanına uyğun verməsini nəzərdə tutub.”
Peyğəmbərdən (s.ə.s) nəql olunan hədislərdə də fitrənin miqdarı və verilməli olan ərzaq məhsulları açıqlanıb. İmam Əli (ə) belə nəql edir:
"Fitrə zəkatını hər müsəlman özü və ailəsi üçün – böyüyə, kiçiyə, kişiyə, qadına, azad və ya qeyri-azad olmasından asılı olmayaraq – buğda, xurma və ya arpadan yarım sa’ (1500 qram) miqdarında verməlidir." ("Müsnəd", 218-ci hədis)
Abdullah ibn Ömər isə belə rəvayət edib:
"Peyğəmbər (s.ə.s) Ramazan fitrəsini bütün müsəlmanlar – azad və ya kölə, kişi və ya qadın üçün fərz buyurmuşdur. Bu miqdar bir ölçülük quru xurma və ya arpa şəklindədir." ("Muvatta", 639-cu hədis)
Eyni mənbədə Əbu Səid Xudri belə nəql edir:
"Biz fitrə zəkatını Peyğəmbərin ölçüsünə uyğun olaraq buğda, arpa, quru üzüm və süzmə pendirdən müəyyən edilən miqdarda verirdik."
İlahiyyatçının açıqlamalarına görə, fitrə zəkatının əsas məqsədi ehtiyacı olan insanlara kömək etməkdir və bu, hər bir müsəlmanın imkanı daxilində yerinə yetirməli olduğu dini bir vəzifədir.